Ağ Evdə kuryoz hadisə: Hinduşka Trampın əlindən qaçdı - VİDEO
ABŞ Prezidenti Donald Trampın Şükranlıq Günü münasibətilə keçirdiyi ənənəvi əfv mərasimində hinduşkalardan biri qaçaraq kolluqda gizlənib.
AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mərasimdən yayımladığı görüntülərdə əks olunub.
Mərasimdə “Freedom” (Azadlıq) və “Feathers” (Lələklər) adları verilmiş iki hinduşkanın əfv edilməsi nəzərdə tutulub. Lakin Trampa yalnız bir quş təqdim olunub. Prezident ikinci hinduşkanın harada olduğunu soruşduqda, onun Ağ Evin həyətindəki kolluğa qaçdığı bildirilib.
Tramp hər iki hinduşkanı əfv edəcəyini deyərək onların bundan sonra tamamilə toxunulmaz olduğunu elan edib.
Qeyd edək ki, bu il noyabrın 26-da qeyd olunacaq Şükranlıq Günü ABŞ-ın əsas milli bayramlarından biridir. Hinduşkaların simvolik əfv mərasimini ilk dəfə 1863-cü ildə prezident Abraham Linkoln keçirib. Bu ənənə 1947-ci ildən, prezident Harri Trumenin dövründən etibarən hər il davam etdirilir. Hinduşkaların adları isə ictimai səsvermə yolu ilə seçilir.
Qeyd edilən məqamı videonun 18-ci dəqiqəsindən sonra izləyə bilərsiz.

