ABŞ-ın milli borcu ölkə iqtisadiyyatının həcmini üstələyib



ABŞ-ın milli borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 100 faizi keçdiyi bildirilir.

AFN.az xəbər verir ki, Məsuliyyətli Federal Büdcə Komitəsinin (CRFB) İqtisadi Analiz Bürosunun yeni məlumatlarına istinadən verdiyi açıqlamaya görə, 31 mart tarixinə ABŞ-da dövlət borcu 31,27 trilyon dollar təşkil edib, son 12 aylıq nominal ÜDM isə 31,22 trilyon dollar səviyyəsində proqnozlaşdırılıb. Hesabatda mart ayının sonunda ölkənin milli borcunun ÜDM-in 100,2 faizinə çatdığı qeyd olunub.

CRFB sədri Maya MakQuineas mövzu ilə bağlı qiymətləndirməsində milli borcun artıq ABŞ iqtisadiyyatından daha böyük olduğunu və tarixi ortalamanın təxminən iki qatına çatdığını bildirərək, bu inkişafın ciddi bir həyəcan siqnalı olduğunu vurğulayıb. Borcun ÜDM-in 100 faizini keçməsindən sonra İkinci Dünya Müharibəsindən bəri qeydə alınan 106 faizlik rekordun da yaxında qırıla biləcəyini qeyd edən MakQuineas bu dəfəki borclanmanın qlobal müharibə kimi fövqəladə vəziyyətdən deyil, siyasi qərarların təxirə salınmasından qaynaqlandığını müdafiə edib.

Artan borcun iqtisadi rifaha və gələcək nəsillərə mənfi təsir etdiyini, gəlir artımını yavaşlatdığını və inflyasiya təzyiqlərini artırdığını bildirən MakQuineas büdcə kəsirinin azaldılması üçün təxminən 10 trilyon dollarlıq bir paketə ehtiyac olduğunu qeyd edib.

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" də ABŞ-ın genişlənən büdcə kəsirləri və yüksələn borc səviyyəsinin ölkənin kredit reytinqi üçün əsas çətinlik yaratdığı barədə xəbərdarlıq edib. Agentlik struktur olaraq yüksək qalan büdcə kəsirlərinin ABŞ-ın borc yükünü digər "AA" reytinqli ölkələrdən daha yuxarıya daşıyacağını, 2026-cı ildə maliyyə mənzərəsinin daha da pisləşə biləcəyini diqqətə çatdırıb. Hazırda ABŞ-ın hökumətdaxili öhdəliklər də daxil olmaqla ümumi borcu təxminən 39 trilyon dollar səviyyəsindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu