Alimlər əzələlərin güclənməsində mühüm rol oynayan molekulu araşdırıblar
Britaniyanın Lids Universitetinin alimləri fiziki məşqlər zamanı orqanizmdə yaranan və əzələlərin güclənməsində, yorğunluğa davamlılığının artmasında mühüm rol oynayan molekulun funksiyalarını müəyyən ediblər.
AFN.az xəbər verir ki, bu barədə “Science Daily” nəşri araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
L-β-aminoizobutirik turşusu (L-BAIBA) adlanan molekul əzələlərin fiziki yüklənməyə uyğunlaşmasında iştirak edir. Tədqiqatçılar onun əzələlərin möhkəmlənməsinə, yorğunluğa qarşı davamlılığının yüksəlməsinə, həmçinin zədələnmə və zəifləmədən qorunmasına kömək etdiyini bildirirlər.
Araşdırma göstərib ki, L-BAIBA məşqlərə cavab olaraq əzələlərin strukturunda və bioloji proseslərində baş verən dəyişiklikləri tənzimləyən mühüm amillərdən biridir. Bu molekul fiziki aktivliklə əzələlərdəki müsbət dəyişikliklər arasında kimyəvi vasitəçi rolunu oynayır.
Tədqiqat professor Li Robertsın rəhbərliyi ilə aparılıb. Alimlər əldə olunan nəticələrin gələcəkdə 2-ci tip şəkərli diabet kimi xroniki xəstəliklər zamanı əzələlərin zədələnməsinin qarşısını almaq üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə biləcəyini düşünürlər.
Qeyd edək ki, L-BAIBA molekuluna maraq on ildən çoxdur davam edir. Hələ 2024-cü ildə aparılan tədqiqatlarda onun fiziki aktivlik zamanı orqanizmdə yağların yandırılmasına müsbət təsir göstərdiyi müəyyən edilmişdi. Hazırda bu molekul qida əlavəsi kimi də satışdadır.
Yeni araşdırma isə L-BAIBA-nın əzələlərin güclənməsi və fiziki yüklənməyə uyğunlaşmasındakı rolunu daha ətraflı ortaya qoyub. Bununla belə, alimlərin qeyd etdiyi mümkün müalicə imkanları hələ gələcək tədqiqatların mövzusudur.
