Ali təhsil üzrə Dövlət Proqramında milyonlarla manat səmərəsiz xərclənib
Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirdiyi ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib.
AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı auditin nəticələrində bildirilib.
Audit 2020-2025-ci illəri və proqram çərçivəsində ayrılmış 117,9 milyon manat vəsaiti əhatə edib.
Yoxlama zamanı məlum olub ki, beynəlxalq ikili diplom proqramlarında iştirak edən tələbələrin və təlimlərə cəlb olunan müəllimlərin sayı düzgün hesablanmayıb. Bundan başqa, bəzi müəllimlərin əməkhaqqı iki dəfə maliyyələşdirilib.
Nəticədə ali təhsil müəssisələrinə təhsil haqqı və təlim xərcləri üçün 4,6 milyon manatdan artıq vəsait ödənilib.
Hesablama Palatası müəyyən edib ki, proqram çərçivəsində tədrisin keyfiyyətinin artırılması və müəllimlərin peşəkar bacarıqlarının inkişafı üçün müəyyən işlər görülsə də, bəzi hallarda bu məqsədlərə kifayət qədər vəsait ayrılmayıb.
Bundan başqa, elmi tədqiqatların aparılması, universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün vəsait nəzərdə tutulmayıb. Bu isə müasir tədris üsullarının tətbiqi imkanlarını məhdudlaşdırıb.
Doktorantura üzrə də bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, bəzi hallarda beynəlxalq reytinqlərdə ilk 500-lükdə yer alan universitetlərin seçilməsi tələbinə əməl edilməyib.
Proqram iştirakçılarının yalnız 18,4 faizi doktorantura təhsilini başa vurub. Doktorantların proqramdan məmnunluq səviyyəsi isə 5 bal üzərindən 3,5 bal olub.
Təhsildən xaric edilən doktorantların maliyyələşdirilməsinə 1,5 milyon manatdan çox vəsait xərclənib. Hesablama Palatası bu xərcləri səmərəsiz hesab edib.
Audit zamanı beynəlxalq ikili diplom proqramlarının Azərbaycan universitetlərinin beynəlxalq reytinq göstəricilərinə ciddi təsir göstərmədiyi də müəyyən olunub.
Ümumilikdə, Hesablama Palatası Dövlət Proqramının qarşıya qoyduğu məqsədlərə yalnız qismən nail olunduğu qənaətinə gəlib.
Palata artıq ödənilmiş 4,6 milyon manatın geri qaytarılması və aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə məlumat göndərilməsinə qərar verib.
Həmçinin Dövlət İmtahan Mərkəzinə ikili diplom proqramlarına qəbul zamanı dil sertifikatı kimi əlavə tələblərin yoxlanılması və ödənişli qəbul prosesinin təkmilləşdirilməsi ilə bağlı məlumat göndərilməsi nəzərdə tutulub.



