AFP kiberhücuma məruz qaldı: foto və video platforması bağlandı
Fransanın Agence France-Presse (AFP) xəbər agentliyinin kiberhücuma məruz qaldığı məlum olub.
AFN.az xəbər verir ki, milli mediada yayılan məlumatlara görə, hücum noyabrın 25-dən 26-na keçən gecə baş verib.
AFP rəhbərliyinin yaydığı açıqlamada bildirilib ki, kiberhücum agentliyin foto və video materiallarının paylaşıldığı AFP Forum platformasını hədəf alıb.
Açıqlamada hücum aşkar edilən kimi agentliyin əməkdaşlarının platformanı qorumaq məqsədilə onun fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, ehtiyat tədbiri olaraq AFP Forum müvəqqəti olaraq giriş üçün bağlanıb.
AFP-nin açıqlamasında kiberhücumla bağlı araşdırmanın davam etdiyi vurğulanıb. Agentlik hücumun arxasında duran şəxslərin kimliyi barədə hələlik heç bir məlumata malik olmadığını bildirib.


