Britaniyada mümkün müharibəyə hazırlıq



Britaniya Müdafiə naziri Ues Stritinq mümkün müharibəyə hazırlıq məqsədilə 100 min ehtiyat hərbçiyə göndərilən məktubla bağlı açıqlama verib. 

AFN.az xəbər verir ki, nazir COVID-19 pandemiyası dövründə hazırlıqsızlıqdan dərs çıxardığını və hazırda bu təcrübəyə uyğun hərəkət etdiyini bildirib.

Stritinq LBC radiosuna müsahibəsində Müdafiə Nazirliyinin strateji ehtiyat qüvvələri sırasına daxil olan 100 min keçmiş hərbçiyə göndərdiyi və onlardan əlaqə məlumatlarını yeniləməyi tələb etdiyi məktubu şərh edib.

Onun sözlərinə görə, bu, normal şəraitdə mütəmadi həyata keçirilməli olan prosedurdur. Hazırda bu tədbirə keçmişdə orduda xidmət etmiş və gələcəkdə hərbi münaqişə, müharibə və ya təbii fəlakət zamanı yenidən xidmətə cəlb oluna biləcək strateji ehtiyat qüvvələri daxildir.

Stritinq həmin şəxslərin ölkə daxilində və ya müharibə vəziyyətində dünyanın müxtəlif bölgələrində xidmətə göndərilə biləcəyini qeyd edib. Nazir bildirib ki, bütün bu addımlar əməliyyat hazırlığının ümumi mənzərəsini tamamlamaq məqsədi daşıyır.

Stritinq qeyd edib ki, bu tədbirləri indi həyata keçirməsəydi, özündən əvvəl müdafiə naziri olmuş şəxslər kimi gələcəkdə müstəqil araşdırma komissiyası qarşısında cavab verməli ola bilərdi.

O, Avropadakı təhlükə mühitinə, NATO-nun və hökumətlərin açıqlamalarına diqqət çəkərək müdafiə xərclərinin artırıldığını, lakin strateji ehtiyat qüvvələrinə yatırımların eyni səviyyədə genişləndirilmədiyini vurğulayıb. Nazir COVID-19 pandemiyasından niyə dərs çıxarılmadığını sual edib və 2024-2026-cı illərdə səhiyyə naziri olduğu dövrdə pandemiya zamanı hazırlıqsızlıq və dayanıqlılıq çatışmazlığından nəticə çıxardığını bildirib. Onun sözlərinə görə, indi müdafiə naziri kimi həmin dərsləri ölkənin hazırlıqlı olması üçün tətbiq edir.

Stritinq ehtiyatda olan hərbçilərin dərhal hərbi xidmətə çağırılmayacağını xüsusi vurğulayıb. O bildirib ki, hazırda onların əlaqə məlumatları, yaşadıqları ünvan və hərbi xidmətdən sonra qazandıqları bacarıqlar barədə məlumatlar yenilənir.

Stritinq Sky News telekanalına açıqlamasında da Avropada təhlükə səviyyəsinin yüksək olduğunu və hazırlığın ən yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət narahatlıq deyil, əksinə, insanlarda güvən yaratmalıdır. Nazir hazırda müharibə vəziyyətində olmadıqlarını, lakin Avropada təhlükə mühitinin mövcudluğunu qeyd edib.

O əlavə edib ki, bu gün hazırlıq tədbirləri görülməsəydi, 30-40 il sonra insanlar müdafiə nazirinin niyə vaxtında tədbir görmədiyini soruşacaqdılar. Stritinq ən pis ssenariyə hazırlaşmaqla onun baş verməsinin qarşısını almağı hədəflədiklərini bildirib.

Rusiya ilə Soyuq müharibə dövründən bəri ən gərgin münasibətlərdən birini yaşayan Britaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə ehtiyatda olan hərbçiləri mümkün müharibəyə hazır olmağa çağırıb.

Müdafiə Nazirliyinin 100 min keçmiş hərbçiyə göndərdiyi məktubda onlardan əlaqə məlumatlarını yeniləmələri, hazırkı işləri və malik olduqları bacarıqlar barədə orduya məlumat vermələri istənilib.

Məktublarda ehtiyatda olan hərbçilərin mümkün müharibə zamanı çağırışa hazır olmalarının nəzərdə tutulduğu bildirilib. Hökumətin hərbi hücum baş verəcəyi təqdirdə ölkənin özünü müdafiə etmək imkanlarını gücləndirməyi hədəflədiyi vurğulanıb.

Məktubda bu addımın hazırlığı və çəkindirmə imkanlarını gücləndirmək, eləcə də münaqişə riskini azaltmaq məqsədi daşıyan praktiki tədbir olduğu qeyd edilib.

Britaniya Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib, Ukraynaya hərbi, maliyyə və diplomatik dəstək göstərib.

Son dövrlərdə baş verən kiberhücumlar, saxta məlumatlarla verilən həyəcan siqnalları və nəqliyyat sahəsindəki problemlərə görə Rusiyanı ittiham edən Britaniya rəsmiləri müxtəlif platformalarda Moskvanın ölkə üçün ciddi təhlükə yaratdığını bildirirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu