Çin kapitallı şirkətlər Nvidia-nın ən güclü süni intellekt çiplərini alır
ABŞ-da fəaliyyət göstərən, lakin Çin kapitallı ən azı iki şirkətin Nvidia-nın ən qabaqcıl süni intellekt çiplərini aldığı iddia olunur.
AFN.az xəbər verir ki, CBS News-un məlumatına görə, son dövrlər casusluq iddiaları ilə gündəmə gələn çip istehsalçısının bu satışları ABŞ-ın rəqibləri ilə həssas texnologiyaları bölüşməsi məsələsini yenidən gündəmə gətirib.
Nvidia-nın ən qabaqcıl çiplərini satdığı və seçilmiş tərəfdaş kimi təqdim etdiyi Kaliforniya mərkəzli RiCloud AI şirkətinin ana şirkətinin baş ofisi Çində yerləşir.
Bundan başqa, ana şirkətin rəhbəri Konq Yunun Çin ordusuna bağlı təhsil müəssisəsində təhsil aldığı bildirilir.
Nvidia-nın satış həyata keçirdiyi digər şirkət isə elit tərəfdaş kimi təqdim etdiyi, Kaliforniyada fəaliyyət göstərən Aivres şirkətidir. Bu şirkətin də Çin kapitalı ilə fəaliyyət göstərdiyi qeyd olunur.
Üstəlik, şirkətin Çində yerləşən ana şirkətinin 2023-cü ildə ABŞ-ın qara siyahısına salınmasından sonra adını dəyişdirdiyi bildirilir.
CBS News-un araşdırmasında, həmçinin ABŞ-da qeydiyyatdan keçmiş, Çin kapitallı bəzi şirkətlərin Cənub-Şərqi Asiyadakı müəssisələrə Nvidia texnologiyası ilə təchiz olunmuş qabaqcıl serverləri icarəyə verdiyi və ya satdığı qeyd olunur.
