İngiltərə məhkəmələrində süni intellekt qalmaqalı: Uydurma qanun və ifadələr işlərə daxil edilib



İngiltərə və Uelsdə 2026-cı il ərzində baxılan azı 25 məhkəmə işində ifadələrin və hüquqi əsaslandırmaların süni intellekt vasitəsilə hazırlandığının məhkəməyə bildirilmədiyi üzə çıxıb. 

AFN.az xəbər verir ki, araşdırma zamanı uydurma məhkəmə presedentləri, mövcud olmayan qanunlar və süni intellektin köməyi ilə hazırlanmış şahid ifadələri aşkarlanıb.

Araşdırmaçı Jurnalistika Bürosunun dərc olunmuş məhkəmə qərarları əsasında apardığı və The Guardian qəzeti ilə bölüşdüyü təhlilə görə, il ərzində vəkillərdən polis əməkdaşlarına və iddiaçılara qədər müxtəlif tərəflər süni intellektdən qaynaqlanan səhvlərlə məhkəmə qarşısına çıxıblar.

Vergi hüquqşünasları arasında baş tutan Ali Məhkəmə işində hakimin qəbuledilməz adlandırdığı süni intellekt uydurmaları və mövcud olmayan məhkəmə presedentləri gündəmə gəlib. Nigeriyanın iki neft şirkəti arasında milyonlarla funt sterlinqlik mübahisədə isə yüksək vəzifəli hakimlərdən birinə aid edilən saxta qərarın müdafiə tərəfinin hüquqi arqumenti kimi istifadə olunduğu müəyyən edilib. Kral Prokurorluğunun vəkillərindən birinin də mövcud olmayan hüquqi presedentə istinad etdiyi qeyd olunub.

Süni intellektdən istifadənin yalnız hüquqi araşdırmalarla məhdudlaşmadığı, şahid və zərərçəkmiş şəxslərin ifadələrinə də sirayət etdiyi məlum olub.

Derbişirdə ağır xəsarət yetirmə və hədə-qorxu cinayətlərinə görə məhkum edilmiş şəxsin apellyasiya şikayətinin rədd olunduğu işdə araşdırmanı aparan polis əməkdaşının zərərçəkmişin ifadəsini süni intellekt alətinə yüklədiyi üzə çıxıb. O, həmin alətdən cəzanın ən yüksək həddə çatmasına kömək edəcək və oxuyanları ağladacaq emosional mətn hazırlamasını istəyib.

Hadisədən sonra ön cəbhədəki vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşının işi ilə bağlı apellyasiya hakimləri heç bir polis əməkdaşının şahid ifadələrini bu üsulla hazırlamamalı olduğunu vurğulayıblar.

Hüquq Cəmiyyətinin sədri Brett Dikson xüsusilə öz işini müstəqil aparan şəxslərin kommersiya süni intellekt alətləri vasitəsilə hazırladıqları onlarla səhifəlik, pərakəndə mətnlərin hakimlərin vaxtını aldığını və məhkəmə işlərinin yığılmasının azaldılması səylərini ləngitdiyini bildirib.

Diksonun sözlərinə görə, insan mühakiməsi ilə hazırlanmış üç səhifəlik mətnləri süni intellektin yaratdığı 60 səhifəlik, nizamsız sənədlər əvəz edə bilir. Ali Məhkəmənin hakimlərindən lord Seyls isə uzunmüddətli perspektivdə əsas təhlükənin maşının səhv etməsindən daha çox, insanların zamanla həmin səhvləri ayırd etmək qabiliyyətini itirməsi olduğunu deyib.

Artan belə hallardan sonra hüquq qurumları da hərəkətə keçib. Mülki Ədalət Şurası mülki məhkəmə işlərində şahidlərin ifadələrinin məzmununu və arqumentlərini hazırlamaq və ya onlara təsir göstərmək üçün süni intellekt alətindən istifadə edilmədiyinə dair bəyanat imzalamalarını təklif edib.

Vəkillərdən başqa, öz müdafiəsini müstəqil şəkildə aparan şəxslər üçün də təcili təlimatlara ehtiyac olduğu bildirilir. Ədliyyə Nazirliyinin sözçüsü isə süni intellektdən təhlükəsiz və nəzarətli istifadəni təmin etmək üçün əlavə hakimlər, müasir məhkəmə işlərinin idarə olunması sistemləri və rəqəmsal infrastruktura yatırımlar vasitəsilə məhkəmə sisteminə dəstək göstərdiklərini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu