ABŞ-da süni intellekt şirkətləri üçün hüquqi məsuliyyət müdafiəsi nəzərdə tutulmur
ABŞ administrasiyası süni intellekt şirkətlərinin fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşımasını tələb edir.
AFN.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent şirkətlərin federal hökumətdən hüquqi məsuliyyətdən qorunma gözləməməli olduğunu bildirib.
Bessent CNBC telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın süni intellekt sektoruna sərt tənzimləmələrin tətbiqinə qarşı mövqeyi ilə yanaşı, Çin, İran və faiz dərəcələri ilə bağlı məsələləri də dəyərləndirib.
Süni intellekt tərtibatçılarının öz məsuliyyətlərini üzərinə götürməli olduğunu bildirən Bessent şirkətlərin federal hökumətdən hüquqi məsuliyyət qalxanı gözləməməli olduğunu qeyd edib.
Bessent məsuliyyətin süni intellektin deyil, insanların üzərində olduğunu deyib.
O, ABŞ və Çinin süni intellektdən qaynaqlana biləcək hadisələrlə bağlı birbaşa əlaqə xətti yaradacağını bildirib. Bessentin sözlərinə görə, tərəflər süni intellekt məsələlərini müzakirə etmək üçün iki aydan sonra görüşəcək.
Bessent son dövrdə çinli rəsmilərlə gömrük rüsumları, iqtisadiyyat və süni intellekt məsələlərini müzakirə etdiyini də açıqlayıb.
İranla münaqişənin nə qədər davam edəcəyinə dair proqnoz verə bilməyəcəyini bildirən Bessent 23 sentyabrda bütün İran hava yolu şirkətlərinin dünya üzrə fəaliyyətlərinin dayandırılacağını deyib.
Bessent faiz dərəcələrinin İranla münaqişə başa çatdıqdan sonra aşağı düşəcəyini gözlədiyini də qeyd edib.
