Avtomobil idarə etmək ürək döyüntülərini uzun müddət yüksək saxlayır
Yeni araşdırmaya görə, sükan arxasında hərəkətsiz otursaq belə, zehni diqqət və daim ayıq-sayıq qalmaq ehtiyacı ürək ritmini istirahət səviyyəsindən yuxarıda saxlayır.
AFN.az xəbər verir ki, mütəxəssislər fiziki hərəkət faydası olmadan yaranan bu davamlı ürək yükünün uzunmüddətli sağlamlıq təsirlərinə diqqət çəkirlər.
ABŞ-ın Hyuston Universitetindən kompüter elmləri üzrə alim İoannis Pavlidis və komandası avtomobil idarə etməyin insan orqanizminə gizli təsirlərini araşdırıb. npj Digital Public Health jurnalında dərc olunan tədqiqat çərçivəsində orta yaşı 26,2 olan 30 kişi və 27 qadın iştirakçı bir həftə ərzində izlənilib.
Ağıllı saatlar, telefonlar və avtomobilin salonundakı cihazlar vasitəsilə toplanan təxminən 3 min saatlıq məlumatların təhlili nəticəsində iştirakçıların ümumi vaxtın 10,4 faizini avtomobil idarə etməyə, 86,4 faizini isə digər hərəkətsiz fəaliyyətlərə sərf etdiyi müəyyən edilib.
Məlumatlar təhlil edilərkən avtomobil idarə edən və masa arxasında oturan zaman qeydə alınan orta ürək döyüntüsü göstəricilərinin oxşar olduğu, lakin ürəyin fəaliyyət rejiminin nəzərəçarpacaq dərəcədə fərqləndiyi məlum olub. İştirakçıların ürək döyüntüləri digər hərəkətsiz fəaliyyətlər zamanı vaxtın 81 faizində istirahət səviyyəsindən yuxarı olduğu halda, avtomobil idarə edərkən bu göstərici 94 faizə yüksəlib.
Həmçinin sükan arxasında olarkən nəbzin daha dar intervalda dəyişdiyi və ürəyin istirahət ritminə qayıtma tezliyinin digər oturaq vəziyyətlərlə müqayisədə yarıbayarı azaldığı müəyyən edilib. Həftəiçi və həftəsonu fərq etmədən müşahidə olunan bu vəziyyətin avtomobil idarə edərkən tələb olunan fasiləsiz diqqət, qavrayış və reaksiya verməyə hazırlıqla əlaqəli olduğu bildirilir.
Tədqiqatçılar avtomobil idarə edərkən nəbzin davamlı yüksək qalmasının birbaşa zərərli olduğuna dair qəti sübutun olmadığını, lakin bunun uzunmüddətli perspektivdə risk yarada biləcəyini vurğulayırlar. Fiziki məşq zamanı ürək döyüntülərinin artması ürək-damar sağlamlığını gücləndirdiyi halda, sükan arxasında yaranan bu yük orqanizmə heç bir fiziki məşq faydası vermir.
Tədqiqatın aparıcı müəllifi İoannis Pavlidis hər gün uzun müddət sükan arxasında olarkən ürək ritminin yüksək qalmasının uzunmüddətli sağlamlıq nəticələri baxımından mütləq araşdırılmalı olduğunu bildirir.
