Mars meteoritində ilk dəfə qranat mineralı aşkarlandı: Qırmızı planetin keçmişinə yeni baxış
Yerə düşmüş Mars meteoritini araşdıran alimlər Qırmızı planetə aid nümunələrdə indiyədək rast gəlinməyən qranat mineralının mikroskopik dənəciklərini aşkar ediblər.
AFN.az xəbər verir ki, bu kəşf Marsın geoloji keçmişi və planetdə mövcud olmuş həddindən artıq istilik və təzyiq şəraiti ilə bağlı yeni suallar doğurub.
Kanadadakı Brok Universitetinin planet geoloqu Tanya Kizovskinin rəhbərlik etdiyi tədqiqat qrupu Kral Ontario Muzeyinin kolleksiyasında saxlanılan NWA 8171 adlı Mars meteoritini araşdırıb. Ətraflı təhlillər zamanı xaşxaş toxumundan da kiçik bir qaya parçasının daxilində qranat mineralının dənəcikləri müəyyən edilib. Geochemical Perspectives Letters jurnalında dərc olunan bu tapıntı Marsın geoloji təkamülü ilə bağlı mövcud bilikləri genişləndirə bilər.
Yer üzündə adətən tünd qırmızı rəngi ilə tanınan qranat mineralı Mars nümunəsində tamamilə fərqli görünüşə malik olub. Dəmir baxımından zəngin qranat növü olan andradit formasındakı bu dənəciklər sarımtıl-yaşıl rəngdə olduğundan meteoritlərdə tez-tez rast gəlinən digər minerallara bənzəyib.
Tədqiqatçılar əvvəlcə bu quruluşun geniş yayılmış piroksen mineralı olduğunu düşünüblər. Lakin bölgənin kimyəvi tərkibindəki qeyri-adi xüsusiyyətlərə görə aparılan əlavə araşdırma nəticəsində mineralın əslində andradit olduğu müəyyənləşdirilib.
Yer üzündə qranat mineralı əsasən həddindən artıq yüksək temperatur, təzyiq və ya isti mayelərin təsiri ilə süxurların dəyişməsi nəticəsində yaranır. Lakin indiyədək Marsda bu mineralın əmələ gəlməsi üçün lazım olan şəraitin mövcudluğu sübut edilməmişdi.
Tanya Kizovski Qırmızı planetdə qranatın yaranması üçün tələb olunan istilik və təzyiqin səthə çırpılan meteoritin yaratdığı təsirdən və ya Marsın qabığına doğru yüksələn maqmadan qaynaqlana biləcəyini bildirib. Əmələ gəldikləri dövrün temperatur və təzyiq göstəricilərini sanki zaman kapsulu kimi qoruyan qranatlar Marsın qədim mühiti barədə mühüm ipucları verə bilər.
Müxtəlif qaya parçalarının maqma ilə birləşməsi nəticəsində yaranan bazalt brekçiyası quruluşuna malik NWA 8171 meteoritinin məşhur Black Beauty (NWA 7034) meteoritinin Yerə düşməsi zamanı yaranmış fraqmentlərdən biri olduğu bildirilir. Meteoritin müxtəlif materiallardan ibarət mürəkkəb quruluşunu nəzərə alan alimlər qranat mineralının Marsda deyil, başqa bir göy cismində əmələ gəldikdən sonra planetin səthinə düşməsi ehtimalını da istisna etmirlər.
Tədqiqat qrupu növbəti mərhələdə mineralın izotop nisbətlərini araşdıraraq qranatın həqiqətən Mars mənşəli olub-olmadığını dəqiqləşdirməyi planlaşdırır.
