ABŞ-da fırtınaya görə yüzlərlə aviareys ləğv edildi
ABŞ-da Şükranlıq Günü tətili zamanı baş verən güclü fırtına, xüsusilə ölkənin şərq sahillərində ciddi fəsadlara səbəb olub.
AFN.az xəbər verir ki, fırtına nəticəsində 835 mindən çox ev elektrik enerjisiz qalıb, yüzlərlə aviareys ləğv edilib.
PowerOutage.us saytının məlumatına görə, fırtına səbəbindən Pensilvaniya, Merilend və Virciniya başda olmaqla, bölgənin bir çox ştatında ümumilikdə 835 min 278 evdə elektrik enerjisinin verilişi dayandırılıb.
FlightAware saytının məlumatına əsasən, ölkə üzrə fırtına səbəbindən 400-dən çox aviareys ləğv edilib, 2 mindən artıq reys isə gecikib.
ABŞ Federal Aviasiya Administrasiyası Virciniyadakı Ronald Reyqan Vaşinqton Milli Hava Limanı və Nyu-Yorkdakı LaGuardia Hava Limanı da daxil olmaqla, bəzi hava limanlarında uçuşları müvəqqəti dayandırıb.
Nyu-Cersi ştatında və Nyu-Yorkun bəzi ərazilərində fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Təbii hadisənin təsir göstərdiyi ştatlarda daşqınlar da qeydə alınıb.
Ölkənin qərb sahilində, Sakit okean sahillərində isə King Tides adlanan hadisə müşahidə olunur. Bölgədə dalğaların hündürlüyü 2 metri ötüb, San-Dieqo ilə Los-Anceles arasındakı qatar reysləri ləğv edilib.
Kaliforniyada son bir həftədir Ay və Günəşin cazibə qüvvələrinin eyni istiqamətdə təsir göstərməsi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi və güclü qabarma ilə müşayiət olunan King Tide hadisəsi yaşanır.
Rəsmilər bu il okeanı isidən və dəniz suyunun həcminin artmasına səbəb olan güclü El Nino hadisəsinin təsirləri daha da şiddətləndirdiyini bildirirlər.
King Tide hadisəsi səbəbindən Kaliforniyanın şimalındakı Bay Area bölgəsində, o cümlədən sahil zolağında yerləşən Pasifika, Mill Velli, Larkspur, Sausalito və Korte Madera şəhərlərində bəzi evləri və küçələri su basıb.


