ABŞ-da qar xəbərdarlığı: 7 ştatda fövqəladə vəziyyət elan edilib
ABŞ-ın mərkəzi hissələrindən şərq sahillərinə qədər təsirli olan qar və şiddətli soyuqlar 13 ştatı təsir altına alıb.
Həftə sonu Missuri və Kanzas ştatlarından başlayaraq bu gün Merilend, Delaver, Vaşinqton D.C. bölgəsi də daxil olmaqla 13 ştata təsir edən şiddətli soyuq və qar həyata mənfi təsir edir.
Qar fırtınasının səbəb olduğu qəzalar nəticəsində Kanzas və Missorui ştatlarında ən azı 3 nəfərin öldüyü, 31 nəfərin yaralandığı bildirilib. Həftə sonu fövqəladə vəziyyət elan edən Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarına Qərbi Virciniya və Nyu Cersiyə də qoşulub.
Ölkənin paytaxtı Vaşinqtonun bəzi bölgələrində qarın qalınlığı 40 santimetrə yaxınlaşıb, güclü qar yağması səbəbindən dövlət məktəbləri və federal idarələr bağlanıb.
Ölkədə uçuşları izləyən "FlightAware" saytının məlumatına görə, bu səhər yağan güclü qar və buzlanma səbəbindən 1400 reys təxirə salınıb, ən azı 750 reys gecikib.
"PowerOutage" saytı həmçinin bildirib ki, şiddətli fırtına və ağacların aşması və elektrik xətlərinə ziyan vurması səbəbindən 350 minə yaxın evdə elektrik kəsilməsi olub.
Qar və buz səbəbindən bir çox ştatlarda əsas magistral yollar bağlanıb.
Şərq sahillərinin üçdə ikisində havanın temperaturunun mənfi 7 ilə 14 dərəcə Selsi arasında olacağı gözlənildiyi halda, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) qarın bu gündən sonra azalacağını, lakin qütb soyuqluğunun bir müddət təsirini davam etdirəcəyini proqnozlaşdırıb.