ABŞ-da soyuq hava və qar səbəbindən 21 nəfər öldü
ABŞ-ın bəzi ştatlarında qış şəraiti səbəbindən 6 gündə 21 nəfər həyatını itirib. ABŞ-da bu gün 1090 aviareys ləğv edilərkən, 95 minə yaxın insan işıqsız qalıb.
Ölkənin müxtəlif bölgələrində 6 ştatda davam edən qar yağışı və soyuq hava şəraiti səbəbindən yanvarın 12-dən etibarən Tennessi, Nyu York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayı 21-ə yüksəlib.
Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.
Meteoroloji xidmətlər Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.
Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı qeyd edilib.
Uçuş trafikini izləyən FlightAware saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib.
ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən Poweroutages saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı da qeyd edilib.