QORXUNC PROQNOZ! Son 40 ilin ən dəhşətli qar fırtınası gözlənilir - ölümə səbəb ola bilər


ABŞ-da son 40 ilin ən güclü qar fırtınası gözlənilir.


AFN.az İHA-ya istinadən xəbər verir ki, soyuq dalğasının 37 ştatı əhatə edəcəyi və milyonlarla insanı təsir altına alacağı təxmin edilir. Digər tərəfdən, ölkədə qabaqlayıcı tədbirlər görülmədiyi təqdirdə soyuqların insan tələfatına səbəb ola biləcəyi xəbərdarlığı da edilib.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bildirib ki, Milad bayramı yaxınlaşdıqca ölkənin təxminən 80 faizində son 40 ilin ən böyük qar fırtınası olacağı gözlənilir. Sözügedən çovğun NOAA tərəfindən "nəsildə bir dəfə" kimi təsvir edilib. Soyuq dalğanın 37 ştatda 90 milyondan çox insana təsir edəcəyi təxmin edilir. Ötən axşamdan bəri öz təsirini göstərməyə başlayan soyuq hava dalğasının sabaha qədər "bomba siklonu"na çevriləcəyi proqnozlaşdırılır. Ölkənin cənubundakı Texas ştatına qədər temperaturun sıfırın altına düşəcəyi bildirilir.

Milli Meteoroloji Xidmətin (NWS) verdiyi açıqlamada, soyuq havanın, tədbir görülmədiyi təqdirdə 5 dəqiqədən az müddətdə donmaya səbəb ola biləcəyi, uzun müddət soyuğa məruz qalmada isə hipotermiya və ölümlə nəticələnə biləcəyi bildirilib. Xidmət fırtınanın təzyiqinin Kanada sərhədindəki Böyük Göllər bölgəsində 3-cü kateqoriya qasırğasının ekvivalentinə çatacağını bildirib.

Kentukki və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Kolorado ştatının Denver və İllinoys ştatının Çikaqo bölgələrində yüzlərlə reys təxirə salınıb. Artıq dünəndən etibarən ABŞ-da ən azı min uçuş ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu