Belçikada kitablara Sİ-siz etiketi təklif olunur
Belçikada fransızdilli nəşriyyatlar nəşriyyat sektorunda süni intellektdən istifadənin genişlənməsi fonunda insan əməyilə hazırlanmış kitabların xüsusi etiketlə təsdiqlənməsini təklif edirlər.
AFN.az xəbər verir ki, nəşriyyatçılar bu təşəbbüslə oxucuların kitabların hazırlanmasında süni intellektdən istifadə olunub-olunmadığını müəyyən edə bilməsini istəyirlər.
Belçikanın ictimai yayımçısı RTBF-nin məlumatına görə, ölkədə fransızdilli nəşriyyatları təmsil edən Belçika Nəşriyyatçılar Birliyi (ADEB) süni intellekt alətlərindən istifadə edilmədən hazırlanmış kitablara bunu təsdiqləyən xüsusi etiket verilməsini təklif edib.
Brüsseldə keçirilən toplantıda bir araya gələn nəşriyyatçılar kitabların hazırlanması prosesində nəşriyyatların üzərinə düşən vəzifələrin əhəmiyyətinə diqqət çəkiblər.
Nəşriyyatçılar bildiriblər ki, bu etiket vasitəsilə oxucular kitab alarkən əsərin süni intellektdən istifadə edilmədən hazırlanıb-hazırlanmadığını müəyyən edə biləcəklər. Eyni zamanda, peşəkar nəşriyyatçıların fəaliyyətinin daha görünən olması vacib hesab olunur.
Toplantıda nəşriyyatların əsərlərdə yazı və ifadə səhvlərinin aradan qaldırılması, məzmunun ardıcıllığının təmin edilməsi, üz qabığının və səhifələrin dizaynı ilə yanaşı, qiymətlərin müəyyənləşdirilməsi, kitabların yayılması və hüquqi baxımdan qorunmasında da mühüm rol oynadığı vurğulanıb.
Bu səbəbdən toplantıda kitabların hazırlanmasında müəlliflərin və peşəkar nəşriyyatçıların əməyini ön plana çıxarmaq məqsədilə xüsusi etiket hazırlanması təklif edilib.
Bununla belə, nəşriyyatçılar kitabın hazırlanmasının hər hansı mərhələsində süni intellektdən istifadə olunub-olunmadığını müəyyənləşdirmək, eləcə də etiket almaq üçün müəyyən edilmiş şərtlərə əməl edilib-edilmədiyini yoxlamaq məsələsində çətinliklərin yarana biləcəyini də qeyd ediblər.
Süni intellekt alətlərinin geniş yayılması ilə müəlliflərin ənənəvi nəşriyyatlara müraciət etmədən öz kitablarını hazırlayıb nəşr etmələrinin getdikcə daha geniş yayılmasından narahatlıq duyulur.
