“Mega El Nino” müzakirələri: Sakit okeandakı istiləşmə nə qədər təhlükəlidir?
Sakit okeanında müşahidə olunan qeyri-adi istiləşmə “Super” və “Qodzilla” adlarından sonra “Mega El Nino” ifadəsini də gündəmə gətirib.
AFN.az xəbər verir ki, alimlər rəsmi təsnifatda belə bir yeni kateqoriyanın olmadığını, lakin hazırkı hadisənin 1950-ci ildən bəri qeydə alınan ən güclü El Nino səviyyəsinə çata biləcəyini bildiriblər.
Mərkəzi və şərq tropik Sakit okeanında dəniz səthinin isinməsi nəticəsində yaranan və dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərən El Nino bu il sosial şəbəkələrdə və mediada diqqətçəkən adlandırmalarla müzakirə olunur. ABŞ-lı meteoroloq Rayan Maue-nun X sosial şəbəkəsində Peru və Qalapaqos adaları sahillərində dəniz suyunun temperaturunun mövsümi normadan 10 dərəcə yüksək olduğunu göstərən xəritə paylaşması “Mega El Nino” müzakirələrinə səbəb olub.
Lakin Mayami Universitetinin Atmosfer Elmləri üzrə dosenti Emili Bekker mövcud “çox güclü” kateqoriyasından daha yuxarı yeni təsnifat yaratmaq üçün elmi əsas olmadığını bildirib. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) El Nino üzrə qrupunun rəhbəri Mişel L'Heureux da apardıqları təhlillərdə səth temperaturunun bu qədər yüksək olmadığını, Sakit okeanın şərq hissəsində göstəricilərin normadan təxminən 4-6 dərəcə artıq olduğunu açıqlayıb.
ABŞ Milli Hava Xidmətinin sözçüsü Erika Tsey NOAA-nın El Nino təsnifatında istifadə etdiyi terminologiyanı dəyişmədiyini bildirib. Onun sözlərinə görə, hadisələr yalnız zəif, orta, güclü və çox güclü kateqoriyalarına bölünür. Mütəxəssislər ayrı-ayrı bölgələrdə və qısa müddət ərzində qeydə alınan temperatur rekordlarının El Nino hadisəsinin ümumi gücünü əks etdirmədiyini vurğulayırlar.
NOAA digər tropik okeanlardakı istiləşməni də nəzərə alaraq mərkəzi tropik Sakit okeanda üç aylıq orta temperatur fərqlərini ölçən Nisbi Okean Nino İndeksindən (RONI) istifadə edir. Bu göstəriciyə əsasən, builki El Nino NOAA-nın ən yüksək səviyyəsi olan “çox güclü” kateqoriyasına çatıb və 1997-1998, eləcə də 2015-2016-cı illərdə müşahidə olunan böyük El Nino hadisələrinə bənzər inkişaf dinamikası nümayiş etdirir.
Alimlər hadisənin qeyri-adi dərəcədə güclü olması ilə razılaşsalar da, hələ bütün rekordların yenilənmədiyinə diqqət çəkirlər. NOAA-nın noyabrın 12-də açıqladığı proqnoza görə, builki El Ninonun 1950-ci ildən bəri qeydə alınmış əvvəlki hadisələrin gücünü geridə qoymaq ehtimalı təxminən 60 faizdir.
Bəzi alimlərin istifadə etdiyi Okean Nino İndeksinə (ONI) əsasən, üç aylıq orta göstərici artıq normadan 2,5 dərəcə yüksək səviyyəyə çataraq əvvəlki ən güclü göstəriciləri geridə qoyub. Oktyabrın sonunda Sakit okeanın müəyyən bir hissəsində gündəlik temperatur normadan 3 dərəcə yüksək qeydə alınaraq rekord həddə çatıb. Melburn Universitetinin iqlim elmləri üzrə müəllimi Mendi Froynd təhlükəli vəziyyətə diqqət çəkmək üçün təsirli ifadələrdən istifadənin məqbul olduğunu, lakin etibarlı məlumatlar formalaşmadan səsləndirilən iddialı proqnozların ictimaiyyətin elmə inamını sarsıda biləcəyini bildirib.
Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin (ECCC) baş klimatoloqu Devid Fillips builki El Ninonun özünəməxsus xüsusiyyətlərinə diqqət çəkərək qışın 2023-2024-cü illərdəki kimi kifayət qədər mülayim keçə biləcəyini söyləyib. Bununla belə, mütəxəssislər çox güclü El Nino şəraitində belə soyuq hava dalğalarının və qar fırtınalarının baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Fillips qeyd edib ki, Şimal qütbü üzərindəki atmosferin yuxarı qatlarında əsən küləklərdən yaranan qütb burulğanı zəifləyərsə, soyuq hava kütlələri Şimali Amerikaya doğru hərəkət edə bilər. O, qış aylarında gözlənilən qar və rütubət çatışmazlığının yazda quraqlıq riskini artıracağını və meşə yanğınları mövsümünün daha erkən başlamasına səbəb ola biləcəyini bildirib.
İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin El Nino hadisələrini daha tez-tez və ya daha güclü edib-etmədiyi isə hələ də dəqiq müəyyənləşdirilməyib. Kanadanın 2026-cı il üzrə İqlim Dəyişikliyi Hesabatında 1950-ci ildən bəri El Nino ilə əlaqəli iqlim dalğalanmalarının artdığı göstərilsə də, bunun birbaşa insan fəaliyyətindən qaynaqlandığını təsdiqləyən sübutların zəif olduğu qeyd olunur.
Emili Bekker qeyri-adi dərəcədə güclü El Nino hadisələrinin tezliyinin artdığına dair sübut olmadığını bildirib. Bununla yanaşı, alimlər qlobal istiləşmə səbəbindən daha isti olan atmosferin daha çox rütubət saxladığını vurğulayırlar. Bu vəziyyət güclü El Nino ilə üst-üstə düşdükdə onsuz da yağıntı alan bölgələrdə daha şiddətli yağışlara səbəb ola bilər.
