Süni intellekt narahatlığı rəssamları sosial şəbəkələrdən uzaqlaşdırır



Süni intellekt vasitəsilə yaradılan saxta əsərlərin sənətçilərin yaradıcılığına və gəlirlərinə təhlükə yaratması, eləcə də Meta-nın xidmət şərtlərində nəzərdə tutduğu məlumat toplama dəyişiklikləri müstəqil sənətçiləri platformalardan uzaqlaşmağa sövq edir. 

AFN.az xəbər verir ki, bir sıra yaradıcı şəxslər əsərlərinin icazəsiz şəkildə süni intellekt modellərinin təlimində istifadə olunacağından və saxta hesablar vasitəsilə təqlid ediləcəyindən narahatdırlar.

Britaniyalı akvarel rəssamı Metti Börnham 2024-cü ildə əsərlərini təqlid edən, generativ süni intellekt vasitəsilə oxşar təsvirlər hazırlayan və saxta hesablar üzərindən satışa çıxaran Pinterest profilini aşkar edib. Vyetnamın Ho Şi Min şəhərinə qədər uzanan bu saxta hesabların yüz minlərlə izləyici topladığı, istifadəçiləri saxta satış saytlarına və reklamlara yönləndirdiyi bildirilir.

Oxşar vəziyyətlə üzləşən müasir rəssam Endrü Skott da əsərlərindən ilhamlanaraq süni intellektlə videolar hazırlayan və milyonlarla baxış toplayan saxta hesabların onun əməyinə və kommersiya fəaliyyətinə birbaşa zərər vurduğunu bildirir.

Sənətçilərin platformalarla bağlı narahatlığını artıran digər hadisə isə Meta-nın xidmət şərtlərində planlaşdırdığı yeniliklər olub. Bu dəyişikliklərin avtomatlaşdırılmış proqram təminatlarının kənar saytlardan və biznes hesablarından icazəsiz şəkildə böyük həcmdə məlumat toplamasına imkan verəcəyi, əldə olunan məzmunun isə süni intellekt modellərinin təlimində istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Şirkət noyabrın 5-də yaydığı açıqlamada maraqlı tərəflərlə məsləhətləşmələri davam etdirmək məqsədilə yeniliklərin tətbiqini müddətsiz təxirə saldığını bildirib.

Təxirəsalma qərarına baxmayaraq, etirazların qarşısını almaq mümkün olmayıb. Bəzi sənətçilər dəyişikliklərin ilkin qüvvəyə minmə tarixləri ərəfəsində platformalarda paylaşım etməyərək etiraz aksiyasına başlayıb, çoxsaylı yaradıcı şəxslər isə hesablarını silmək və ya paylaşımlarını platformalardan götürmək qərarına gəliblər.

ABŞ-da fotoqrafiya və incəsənət sahəsində çalışan şəxslər platformaların artıq yaradıcı insanlar üçün etibarlı nümayiş məkanları olmaqdan çıxdığını, əsərlərin icazəsiz istifadəsi riskinin isə onların dolanışıq mənbələrini təhlükə altına saldığını bildirirlər.

Keramika sənətçisi Nensi Çen isə yaradıcılıq prosesini paylaşmağın belə süni intellekt modellərinə material təqdim etmək riski daşıdığını qeyd edir. Onun sözlərinə görə, bu vəziyyət sənətçiləri sürət və qiymət rəqabətində daha çətin vəziyyətə salır.

Sahə nümayəndələri və mütəxəssislər yaradıcı insanların əməyinin qorunması üçün açıq razılığın alınmasının, ədalətli kompensasiyanın təmin edilməsinin və effektiv etiraz mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayırlar. Süni intellekt alətləri ilə işləyən bəzi dizaynerlər həm orijinal əsər müəlliflərinin hüquqlarının qorunmalı, həm də süni intellekti yaradıcılıq prosesinə daxil edən şəxslərin töhfələri görünən olmalıdır.

Digər tərəfdən, Google bu ay istifadəyə verdiyi SynthID Detector aləti ilə süni intellekt mənşəli şəkil, video və audio məzmunların müəyyənləşdirilməsi istiqamətində addım atıb. Bununla belə, müstəqil sənətçilər mövcud tədbirlərin onların hüquqlarını qorumaq üçün yetərli olmadığı qənaətindədirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu