OpenAI-ın süni intellekt modellərini öyrətmək üçün milyonlarla məqalədən icazəsiz istifadə edib - İDDİA
OpenAI şirkətinin süni intellektin nəşriyyatlar üçün mövcudluğa təhdid yarada biləcəyinə dair şirkət daxilindəki narahatlıqlara baxmayaraq, modellərini inkişaf etdirmək üçün müəllif hüquqları ilə qorunan milyonlarla məqalədən icazəsiz istifadə etdiyi iddia olunub.
The New York Times qəzeti və digər media qurumlarının OpenAI-a qarşı açdığı müəllif hüquqları məhkəməsi çərçivəsində məhkəməyə təqdim etdiyi sənədlərdə şirkətin milyonlarla məqalədən icazəsiz istifadə edərək xəbər məzmunlarını əvəz edə biləcək kommersiya məqsədli süni intellekt məhsulları hazırladığı irəli sürülüb.
AFN.az xəbər verir ki, sənədlərdə OpenAI əməkdaşları arasında da süni intellektin xəbər nəşriyyatlarına təsiri ilə bağlı narahatlıqların olduğu iddia edilib.
ChatGPT-ni inkişaf etdirən komandanın rəhbəri Nik Törlinin 2023-cü ildə süni intellekti nəşriyyatlar üçün mövcudluğa təhdid kimi xarakterizə etdiyi, 2024-cü ildə isə süni intellekt məhsulları inkişaf etdikcə mövcud məzmunların daha çox əvəzlənəcəyini bildirdiyi qeyd olunub.
Həmçinin məhkəmə sənədlərində Microsoft əməkdaşlarının da şirkətdaxili yazışmalarında süni intellekt modellərinin bu məzmunlardan istifadəsini insanlıq tarixində ən böyük əməyin oğurlanması kimi qiymətləndirdikləri iddia olunub.
OpenAI isə iddialarla bağlı açıqlamasında açıq şəkildə yayımlanan məzmunların süni intellekt modellərinin təlimində istifadəsinin müəllif hüquqları çərçivəsində ədalətli istifadə olduğunu müdafiə edib.

