ABŞ-da güclü fırtına 800 mindən çox insanı işıqsız qoyub



ABŞ-ın şərq ştatlarını təsiri altına alan güclü fırtına daşqınlara və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub, hava nəqliyyatını ciddi şəkildə iflic edib və ənənəvi Macy's Şükranlıq Günü paradının tarixində ilk dəfə təxirə salınmasına gətirib çıxarıb.

AFN.az xəbər verir ki, Missouri ştatından Massaçusetsə qədər geniş ərazini əhatə edən əlverişsiz hava şəraiti ABŞ-ın şərqində gündəlik həyatı çətinləşdirib.

Fırtına səbəbindən bölgədə 800 mindən çox abonentin elektrik enerjisi təchizatı kəsilib. Sahil yaşayış məntəqələrində su basmaları baş verib, Şərq sahilindəki bir sıra körpü və avtomobil yolları təhlükəsizlik səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb. Atlantik okeanının orta sahil bölgələrində suyun səviyyəsi rekord həddə çatıb, Orta Qərbin bəzi ərazilərində müşahidə olunan qar yağışı isə cənuba doğru yayılmağa başlayıb.

Şükranlıq Günü öncəsi intensiv səyahət dövrünə mənfi təsir göstərən fırtına hava nəqliyyatında da ciddi problemlər yaradıb. Əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə uçuş ləğv edilib, çoxsaylı reyslərdə uzunmüddətli gecikmələr yaşanıb.

Fırtınanın yaratdığı ən diqqətçəkən hadisələrdən biri də Nyu-Yorkda keçirilən ənənəvi Macy's Şükranlıq Günü paradının təxirə salınması olub. Tədbir tarixində ilk dəfə hava şəraiti səbəbindən başqa günə keçirilib.

Paradın televiziya vasitəsilə izləyən tamaşaçıların şənbə gününə qədər gözləməli olacağı açıqlanıb. Nyu-York sakinləri isə səhər saatlarında şəhərin adətən izdihamlı olan küçələrinin qeyri-adi şəkildə boş qalmasından yararlanıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu