Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri hərbi bazalarda məskunlaşır



Artan təhlükəsizlik təhdidləri və siyasi zorakılıq narahatlıqları səbəbindən ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli nümayəndələri Vaşinqtondakı hərbi bazalarda yerləşən yaşayış evlərinə köçürlər. 

AFN.az xəbər verir ki, bu şəxslərin bir qismi xarici təhdidlər, digərləri isə ölkə daxilində baş verən təhlükəsizlik insidentləri səbəbindən mühafizə olunan hərbi yaşayış məntəqələrində qalmağa üstünlük verirlər.

Vaşinqtonda adətən yüksək rütbəli hərbçilər üçün nəzərdə tutulan, ciddi mühafizə olunan və ətrafı divarlarla əhatələnmiş hərbi yaşayış evlərində məskunlaşan Tramp administrasiyası rəsmilərinin sayı təxminən altıya çatıb. İranla əlaqəli ölüm təhdidləri səbəbindən Corctaun rayonundakı malikanəsini tərk edərək hərbi bazaya köçən sonuncu şəxs maliyyə naziri Skott Bessent olub.

Ədliyyə naziri Tod Blanş və onun sələfi Pem Bondinin də təhlükəsizlik narahatlıqları səbəbindən hərbi bazalarda yaşadığı bildirilir. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və ailəsinin isə evlərinin qarşısında keçirilən etiraz aksiyaları və yaşayış ünvanlarının ictimaiyyətə açıqlanması kimi təhlükəsizlik insidentlərindən sonra hərbi yaşayış evlərinə köçdüyü qeyd olunur.

Rəsmilər bu köçlərə xarici təhdidlərlə yanaşı, ölkə daxilində siyasi zorakılığın artmasının da təsir göstərdiyini bildirirlər. Ağ Ev nümayəndələri paytaxtda təhlükəsizlik tədbirlərinə töhfə verən bəzi kabinet üzvlərinin birbaşa təhdidlər səbəbindən şəhər mərkəzindəki yaşayış yerlərində qala bilmədiklərini iddia edirlər.

Bununla belə, bu qərarlar Konqresdə suallar doğurub. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin tələbi əsasında Pentaqonun siyasi təyinatla vəzifəyə gəlmiş şəxslərin hərbi yaşayış evlərində qalmasının təhlükəsizlik səbəblərini, hüquqi əsaslarını və ödədikləri kirayə haqlarını əhatə edən hesabat təqdim etməsi gözlənilir. Kaliforniya ştatından olan konqresmen Corc Vaytsayds hərbi qulluqçular üçün nəzərdə tutulmuş yaşayış evlərində qalan mülki şəxslərin bazar şərtlərinə uyğun kirayə haqqı ödəyib-ödəmədiyinin araşdırılmasının vacibliyini vurğulayır.

Hərbi yaşayış evlərində qalan vəzifəli şəxslər evlərin xüsusiyyətlərindən asılı olaraq, adətən ayda 4 min 500 dollardan artıq kirayə haqqı ödəyirlər. Bu təcrübə 2008-ci ildə, o zamankı müdafiə naziri Robert Geytsin dövründə qəbul edilmiş qanunvericilik dəyişikliyinə əsaslanır. Həmin qərar hərbi bazalarda mövcud təhlükəsizlik infrastrukturundan istifadənin şəxsi yaşayış evlərində əlavə mühafizə sistemi qurmaqla müqayisədə dövlət büdcəsi üçün daha sərfəli olması ilə əsaslandırılmışdı.

Lakin müdafiə naziri Pit Heqsetin Fort Makneyer bazasındakı yaşayış evində aparılması planlaşdırılan 137 min dollardan artıq təmir və yeniləmə xərcləri ötən il qanunvericilərin etirazına səbəb olmuşdu. Bununla yanaşı, keçmiş müdafiə rəsmiləri yaşı bir əsrdən çox olan bu tikililərin geniş olmasına baxmayaraq, dəbdəbəli olmadığını, yalnız funksional hərbi yaşayış evləri xarakteri daşıdığını bildirirlər.

Potomak və Anakostiya çaylarının birləşdiyi ərazidə yerləşən Fort Makneyer hərbi bazasında Miller, Rubio və Heqset kimi şəxslərin eyni ərazidə qonşu kimi yaşaması yüksək vəzifəli şəxslərin şəhər həyatı ilə əlaqəsini daha da zəiflədir.

Amerika Universitetindən Tomas Kan təhlükəsizlik qruplarının müşayiəti ilə onsuz da mühafizə olunan həyat yaşayan vəzifəli şəxslərin mülki yaşayış məhəllələrindən uzaqlaşmasının cəmiyyətdən təcridi dərinləşdirdiyini bildirir. Kan divarlarla əhatələnmiş bu yaşayış məntəqələrinin özünəməxsus qapalı dünya yaratdığını və artan təhdidlər səbəbindən bu tendensiyanın gələcək administrasiyalar dövründə də davam edə biləcəyini qeyd edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu