FİFA-nın rəsmi saytına kiberhücum: bir sıra məlumatlara giriş olub



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi saytına kiberhücum olub. Qurumun şəxsi, eləcə də kommersiya xarakterli məlumatlarına icazəsiz giriş əldə edilib.

AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, FIFA noyabrın 26-da yaydığı açıqlamada hadisəni təsdiqləyib və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Özünü Handsome Boy Hacking Club adlandıran haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb. Qrup noyabrın 19-da X sosial şəbəkəsində FIFA-ya aid olduğunu iddia etdiyi faylların ekran görüntüsünü yayıb. Daha sonra isə qurumun 12 giqabaytdan çox daxili sənədinin ələ keçirildiyini iddia edib.

FIFA hücumun nə vaxt baş verdiyini, konkret hansı məlumatların ələ keçirildiyini və neçə nəfərin bu hadisədən zərər çəkə biləcəyini açıqlamayıb.

Qurum şəxsi məlumatların qanunsuz əldə edilməsini və yayılmasını qətiyyətlə pisləyib. FIFA-nın bəyanatında belə hərəkətlərin məxfiliyin ciddi şəkildə pozulması olduğu və aidiyyəti şəxslər üçün ağır nəticələrə səbəb ola biləcəyi vurğulanıb.

Hadisə ilə bağlı araşdırma davam edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu