Rekord istilər dünya üzrə çay və göllərdə su ehtiyatlarını kəskin azaltdı



Beynəlxalq araşdırmaya görə, tarixdə ən isti iki il hesab olunan 2023 və 2024-cü illərdə müşahidə edilən ifrat istilər nəticəsində dünya üzrə şirin su ehtiyatları son 30 ilin ən böyük eyni vaxtlı azalmasını yaşayıb. 

AFN.az xəbər verir ki, tədqiqatçılar planetin səthindəki şirin su mənbələrinin kəskin şəkildə azaldığını müəyyən ediblər.

Çin Elmlər Akademiyasının rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmada 1991-2025-ci illər arasındakı məlumatlar təhlil edilib. Dünya üzrə 150 böyük çay hövzəsindən götürülən axın ölçmələrini, eləcə də 1,2 milyondan çox göl və su anbarını izləyən peyk məlumatlarını birləşdirən tədqiqatçılar səthdəki şirin su ehtiyatlarının ciddi şəkildə azaldığını aşkar ediblər.

Araşdırmaya əsasən, qlobal çay axınları normadan təxminən 5,7 faiz aşağı düşüb, göl və su anbarlarında toplanan suyun həcmi isə 9,5 faiz azalıb. Mütəxəssislər bu mənzərəni ən azı 1991-ci ildən bəri qeydə alınan ən böyük eyni vaxtlı səth suyu itkisi kimi qiymətləndirirlər.

Planetin istiləşməsi ilə su dövranının daha kəskin dəyişikliklərə məruz qaldığını bildirən alimlər isinən atmosferin torpaqdan, çaylardan və göllərdən daha çox nəm çəkdiyinə, qızan quru ərazilərdə isə buxarlanmanın daha da sürətləndiyinə diqqət çəkirlər.

Araşdırmanın müəlliflərindən biri, doktor Sulagna Mişra əldə edilən nəticələrin iqlim dəyişikliyindəki mühüm ziddiyyəti üzə çıxardığını bildirib. Bu dövrdə qlobal yağıntıların ümumi miqdarı artsa da, əlavə yağıntıların böyük hissəsi okeanlara düşüb və quru ərazilərin əksəriyyətində ciddi su çatışmazlığı yaranıb.

Su səviyyəsindəki azalmanın ən kəskin hiss olunduğu bölgə Cənubi Amerika olub. Güclü yağıntıların və daşqınların müşahidə edildiyi bu qitədə belə çay axınları 17,8 faiz, göl və su anbarlarındakı suyun həcmi isə 16,5 faiz azalıb. Şərqi İngiltərə Universitetindən dosent doktor Yi He leysan yağışlar zamanı məcrasından çıxan çayın ilin qalan böyük hissəsində orta göstəricidən xeyli aşağı səviyyədə axa biləcəyini vurğulayıb.

Britaniya Ekologiya Cəmiyyətinin Siyasət Komitəsinin sədri, professor Kristian Dann da ənənəvi olaraq yağışlı hesab edilən bölgələrdə belə şirin su ehtiyatlarının nə qədər sürətlə tükənə bilməsinin narahatlıq doğurduğunu bildirib. O, daşqınların baş verməsinin su təhlükəsizliyinin təmin olunduğu anlamına gəlmədiyini qeyd edib.

Super El Nino hava hadisəsi, iqlim böhranının səbəb olduğu quraqlıqlar, çirklənmə və həddindən artıq su istehlakı kimi çoxsaylı təhdidlərlə üzləşən qlobal su ehtiyatlarının gələcəyi getdikcə qeyri-müəyyənləşir. Reading Universitetindən iqlimşünas professor Riçard Allan çay və göl səviyyələrində müşahidə olunan bu görünməmiş azalmanın ifrat yağıntılarla şiddətli quraqlıq arasındakı dağıdıcı dəyişikliklərin artıq bütün quru səthindəki su sistemlərində nəzərə çarpdığını sübut etdiyini bildirib.

Allan istixana qazı emissiyaları azaldılaraq iqlim sabitləşdirilmədiyi təqdirdə bu kəskin iqlim dəyişkənliyinin və onun insanlar üçün mənfi nəticələrinin getdikcə ağırlaşacağı barədə xəbərdarlıq edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu