UEFA Beşiktaş matçında baş verən hadisələrlə bağlı araşdırmaya başlayıb
UEFA noyabrın 26-da keçirilən Beşiktaş-Hapoel Beer-Şeva və Marsel-Levski Sofiya matçlarında baş verən hadisələrlə bağlı araşdırma başladıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, qurum stadionlarda azarkeşlər arasında baş verən qarşıdurmalar da daxil olmaqla, ciddi zorakılıq və asayiş pozuntularını qətiyyətlə pisləyib.
UEFA 26 noyabr 2026-cı ildə keçirilən Marsel-Levski Sofiya və Beşiktaş-Hapoel Beer-Şeva UEFA Avropa Liqası qarşılaşmaları ilə əlaqədar baş verən hadisələrə dair bəyanat yayıb.
Qurum bəyanatında stadion daxilində azarkeşlər arasında baş verən qarşıdurmalar da daxil olmaqla, ciddi zorakılıq və asayiş pozuntularını qətiyyətlə pislədiyini bildirib.
UEFA vurğulayıb ki, zorakılığın, aqressiyanın, nifrətin və hər cür təxribatçı, ayrı-seçkilik yaradan və ya ekstremist davranışın futbolda yeri yoxdur. UEFA yarışları hörmət, fair-play, dürüstlük və təhlükəsizlik prinsiplərinə əsaslanır. Sözügedən qarşılaşmalarda baş verən hadisələr bu fundamental dəyərlərə, eləcə də UEFA-nın futbol matçlarının sülh, qarşılıqlı hörmət və idman ədaləti ruhunda keçirilməsini təmin etmək məqsədinə ziddir.
UEFA hadisələri araşdırmaq, faktları və baş verənlərin şəraitini müəyyənləşdirmək məqsədilə mövcud bütün sübutları nəzərdən keçirmək üçün Etika və İntizam üzrə müfəttişlər təyin edib. Araşdırmanın UEFA-nın qüvvədə olan qaydaları çərçivəsində aparılacağı bildirilib.
