Zelenski: ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərmir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın diqqətini daha çox Yaxın Şərqə yönəltdiyini və sülh danışıqları zamanı Rusiyaya kifayət qədər təzyiq göstərmədiyini bildirib.
AFN.az xəbər verir ki, Zelenski Kiyevdə BBC-yə açıqlamasında ABŞ Prezidenti Donald Trampın paylaşımında Rusiya Prezidenti Vladimir Putini dostum adlandırmasını qəribə hesab etdiyini deyib.
Ukrayna lideri Putinin təcavüzkar və qatil olduğunu vurğulayaraq, onunla dostluğun mümkün olmadığını bildirib: O, təcavüzkar və qatildir. Dost ola bilməz, qətiyyən ola bilməz.
Zelenski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə noyabrın 10-11-də keçirilən sülh danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığını qeyd edib. O, danışıqların dekabr ayında davam etdiriləcəyini bildirib.
Ukrayna Prezidenti danışıqlarda nəticə əldə etmək üçün Rusiyaya təzyiq göstərə biləcək, həqiqətən kömək edən müttəfiqlərin olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ güclü və nüfuzlu dövlət imicinə uyğun davranmalıdır.
Zelenski ABŞ-ın sülh danışıqlarında Rusiyaya kifayət qədər təzyiq göstərmədiyini deyib. O, Vaşinqtonun diqqətini daha çox Yaxın Şərqə yönəltməsinin təəssüf doğurduğunu və bu vəziyyətlə bağlı ciddi suallarının olduğunu bildirib.
Ukrayna lideri Patriot hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında yaranan gecikmələrə də diqqət çəkib. O, bu raketlərin çatışmazlığının insanların həyatı bahasına başa gəldiyini vurğulayıb.
Zelenski ABŞ-ın SpaceX şirkətinin Starlink peyk rabitə sistemi və hərbi məqsədlər üçün nəzərdə tutulan Starshield xidmətinə tətbiq edilən məhdudiyyətlərin Ukraynanın pilotsuz uçuş aparatları ilə müdafiə fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. O, Ukraynanın çətin və təhlükəli qışa hazırlaşdığını qeyd edib.
