ABŞ Qrenlandiyada yeni hərbi obyektlər inşa etməyi planlaşdırır - media


ABŞ Qrenlandiyada hərbi infrastrukturun genişləndirilməsi üçün 250-500 milyon dollar arasında vəsait yatırmağı nəzərdən keçirir.

AFN.az xəbər verir ki, Newsweek jurnalının məlumatına görə, Donald Tramp administrasiyası Arktikada Amerika hərbi mövcudluğunu gücləndirmək məqsədilə yeni tikinti proqramı üzərində işləyir.

Nəşrin əldə etdiyi satınalma sənədlərində Qrenlandiyanın şimal-qərbində yerləşən Pituffik kosmik bazasının genişləndirilməsi, o cümlədən yeni anqarların və döyüş təyyarələrinə texniki xidmət üçün xüsusi obyektlərin inşası nəzərdə tutulur. Sənədlərə əsasən, layihənin təxmini dəyəri 250-500 milyon dollar təşkil edir.

Satınalma prosesi sentyabrın 15-də başlayıb. Sənədlərdə Danimarka və Qrenlandiya şirkətlərindən təkliflərin alınmasının nəzərdə tutulduğu, sənaye nümayəndələri ilə məsləhətləşmələrin isə oktyabrın əvvəlində başa çatdığı bildirilir.

Sənədlərdə həmçinin radarlar üçün görünməzlik texnologiyasına malik təyyarələrə xidmət və məxfi hərbi əməliyyatların dəstəklənməsi üçün obyektlərdən bəhs olunur. Texniki tələblərdə ABŞ-ın F-35 qırıcılarında istifadə edilən ALIS (Avtonom Logistika İnformasiya Sistemi) də qeyd edilib. Bununla belə, Vaşinqton hələlik bu təyyarələrin Qrenlandiyada yerləşdirilməsi ilə bağlı planlarını təsdiqləməyib.

Qeyd edək ki, noyabrın 3-də Qrenlandiya parlamenti sentyabrın 22-də Nyu-Yorkda imzalanmış Qrenlandiya, ABŞ və Danimarka arasında Arktika təhlükəsizliyinə dair sazişi dəstəkləyib. 1951-ci il müqaviləsinin yenilənmiş versiyası olan sənəddə ABŞ-ın adada yeni hərbi bazalar yerləşdirməyi planlaşdırdığı Narsarsuaq və Mesterviq əraziləri müəyyən edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu