BDU-da Elçin Babayev dövrü: universitet hansı uğurlara imza atıb?


Bakı Dövlət Universitetində (BDU) Elçin Babayevin yeddi ilə yaxın davam edən rektorluq dövrü başa çatıb. 2019-cu ildən 2026-cı ilədək universitetə rəhbərlik edən Babayevin fəaliyyəti dövründə tədrisin müasirləşdirilməsi, elmi-tədqiqat infrastrukturunun genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və tələbələr üçün şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilib. Bəs bu müddət ərzində BDU hansı nailiyyətlər əldə edib, universitetin fəaliyyətində hansı yeniliklər baş verib?

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev 2019-cu il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Onun rektorluğu dövründə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi, tədris prosesinin müasirləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Bu yazımızda oxucuları həmin işlərin bir qismi ilə tanış edəcəyik.

2019-cu ildə universitetin 2030-cu ilədək inkişaf konsepsiyasının hazırlanmasına başlanılmış, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər kimi müəyyən edilib. 2021-ci ildə BDU-nun 2021–2030-cu illəri əhatə edən “Universitet-5.0” Strateji İnkişaf Planının qəbul olunması universitetin elm, təhsil, innovasiya, sosial inkişaf və beynəlxalq rəqabətlilik istiqamətlərində inkişafı üçün strateji əsas yaradıb.

2017-ci il noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 2019-cu il iyunun 12-də universitetin 100 illik yubileyi Parisdə, UNESCO-nun Baş qərargahında, sentyabrın 9-da isə Vyanada, Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edilib. Yubiley tədbiri, həmçinin Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində keçirilib. 2019-cu ildə yubiley mərasimi Bakı Konqres Mərkəzində dövlət səviyyəsində qeyd olunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış edib. Çıxışda ölkənin təhsil strategiyası, gənclər siyasəti, milli-mənəvi dəyərlər və beynəlxalq münasibətlərlə bağlı mühüm məsələlərə toxunulub. Yubiley münasibətilə müxtəlif qurumlarda tədbirlər və müsabiqələr təşkil edilmiş, poçt markaları və yubiley pul nişanı tədavülə buraxılıb.

Rektor Elçin Babayevin fəaliyyəti dövründə tələbələrin elmi fəaliyyətə cəlb olunmasına xüsusi diqqət yetirilib. 2020-ci ilin dekabrında yaradılması barədə qərar qəbul edilən BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 2022-ci ilin iyununda müasir infrastrukturla təchiz edilmiş binasının rəsmi açılışı olub. Mərkəz tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələri üçün imkanlar yaradıb. Tələbələr üçün yaradılan bu imkanlar nəticəsində BDU komandaları nüfuzlu TEKNOFEST yarışmasında bir neçə il ardıcıl olaraq qalib gəlib.

Tələbələrin sosial təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması da universitetin fəaliyyət istiqamətlərindən biri olub. 2021-ci ildə 220 yerlik, beşmərtəbəli və müasir şəraitə malik “Tələbə evi” istifadəyə verilmişdir. Yataqxana yerli və əcnəbi tələbələr üçün nəzərdə tutulub, burada kitabxana-oxu zalı, istirahət və iclas otaqları, eləcə də digər zəruri şərait yaradılıb.

Rəqəmsal və informasiya texnologiyaları sahəsində kadr hazırlığına da xüsusi diqqət yetirilib. 2021-ci ildən BDU-da “Code For Future” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihə tələbələrin proqramlaşdırma və müasir informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına, eləcə də əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət edib. 2025-ci ilin aprelində keçirilən məzun günündə layihənin 2021-ci ildən etibarən davamlı şəkildə həyata keçirildiyi, BDU-nun 515 tələbə və məzununun proqramda iştirak etdiyi, məzunların isə 90 faizdən çoxunun işlə təmin olunduğu bildirilib.

2021-ci ildə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) yaradılıb. Təhsil, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsini, elmi nəticələrin kommersiyalaşdırılmasını əsas fəaliyyət prinsipləri kimi müəyyən edən Mərkəz sənaye və istehsalat müəssisələri ilə əməkdaşlığı genişləndirmişdir. Mərkəzin nəzdində sənaye kimyası, biomühəndislik, mikrobiologiya və virusologiya, astrokosmik və atmosfer tədqiqatları, rəqəmsal araşdırmalar, hüceyrə kulturası və genom redaktəsi, materialşünaslıq, bioloji antropologiya istiqamətləri üzrə yeni, sənayeyönümlü elmi-tədqiqat laboratoriyaları yaradılıb. Bu laboratoriyaların fəaliyyəti Mərkəzin elmi potensialının gücləndirilməsinə xidmət edib. Neft və qaz sənayesi üzrə kommersiya əsaslı bir sıra layihə müqavilələri imzalanıb. 2025-ci il mayın 29-da Mərkəzin nəzdində Materialşünaslıq Elmi-Tədqiqat Laboratoriyası istifadəyə verilib. Laboratoriya müxtəlif materialların struktur və element analizlərinin aparılmasına, kimya və materialşünaslıq sahələrində elmi araşdırmaların genişləndirilməsinə imkan yaradır.

Rektor Elçin Babayevin fəaliyyəti dövründə BDU-nun beynəlxalq əlaqələri müxtəlif platformalarda genişləndirilib və inkişaf etdirilib. Son illərdə BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti və Pekin Kimya Texnologiyası Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti və UBIS Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti, eləcə də L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında əməkdaşlıq sazişləri imzalanıb. Həmçinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının həyata keçirilməsinə dair müqavilələr bağlanıb.

BDU “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, dünya elminin və təhsil sisteminin qabaqcıl nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Bu çərçivədə ABŞ, Almaniya, İsrail, İsveç, Qazaxıstan və digər ölkələrin qabaqcıl universitet və institutları ilə bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edən 12 beynəlxalq ikili diplom proqramı həyata keçirilib.

Elçin Babayev 2024-cü il martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yenidən Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin olunub.

Rektor Elçin Babayevin rəhbərliyi dövründə BDU-nun beynəlxalq reytinqlərdəki mövqeyi də möhkəmlənib. Ali təhsil sahəsində dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2027: Top Global Universities” reytinqində BDU 565-ci yerdə qərarlaşıb. 2025-ci il fevralın 17-də universitet “QS Stars” beynəlxalq qiymətləndirməsində beş ulduza (“Excellent”) layiq görülmüş, doqquz kateqoriyadan yeddisi üzrə ən yüksək nəticə əldə edib. “Times Higher Education” (THE) təşkilatının açıqladığı “Impact Rankings 2026” reytinqinin nəticələrinə əsasən isə BDU dünya universitetləri arasında ilk 200-lükdə yer alıb.

Ekoloji problemlərin araşdırılması və ətraf mühitin mühafizəsi də universitetin fəaliyyət istiqamətlərindən biri olub. 2024-cü ildə Baş Prokurorluqla əməkdaşlıq çərçivəsində ECOLEAD layihəsi üzrə təşəbbüslər həyata keçirilib, ekoloji hüquq pozuntularının araşdırılması və qarşısının alınması məqsədilə Ekoloji Hüquq Klinikası yaradılıb. Layihə çərçivəsində hüquqşünasların, ekoloqların, alimlərin və tələbələrin birgə fəaliyyətinin təşviqi nəzərdə tutulub. Həmin il BDU-nun iki tələbə komandası “Irrigo” və “E-tarım irrigation” layihələri ilə “TEKNOFEST-2024” festivalının final mərhələsinə vəsiqə qazanıb.

2024-cü ilin noyabrında COP29 çərçivəsində universitetdə “Eco Məkan” layihəsi istifadəyə verilib. Layihə çərçivəsində günəş panelləri, akvaponika sistemi, bioreaktor və havanın keyfiyyətini ölçən rəqəmsal texnologiyalar tətbiq edilib. 2025-ci il iyunun 23-də isə BDU kampusunda günəş və külək enerjisi hesabına elektrik avtomobillərinin enerji ilə təmin olunmasına imkan verən “EcoEnergy” stansiyası istifadəyə verilib.

Tələbələrin sosial və akademik inkişafına yönəlmiş layihələr 2025-ci ildə də davam etdirilib. Mayın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində “Tələbə məkanı” istifadəyə verilib. Burada tələbələrin müzakirələr aparması, layihələr hazırlaması və asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılıb, günün 24 saatı fəaliyyət göstərən mini-kitabxana təşkil edilib. Sentyabrın 15-də isə BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb. Mərkəzin əsas məqsədi tələbələrin elmi, sosial və şəxsi inkişafını dəstəkləmək, yeni ideyaların müzakirəsinə şərait yaratmaq və onları müxtəlif maraqlar ətrafında bir araya gətirməkdir.

Süni intellekt və rəqəmsallaşma istiqamətində də yeni təşəbbüslər həyata keçirilib. BDU-da Süni intellektin etikası kafedrası yaradılıb, süni intellekt texnologiyalarının məsuliyyətli tətbiqi, onların cəmiyyətə təsiri və müvafiq etik prinsiplərin elmi araşdırılması istiqamətində fəaliyyətə başlanılıb. Elçin Babayev 2025-ci ilin iyununda Sinqapurda keçirilən “EduData Summit” tədbirində iştirak edib, universitetlərin rəqəmsal transformasiyası, süni intellektin təhsildə tətbiqi və beynəlxalq əməkdaşlıq modelləri barədə çıxış edib.

BDU-nun beynəlxalq akademik əməkdaşlığının miqyası da genişlənib. Universitetin xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramları, akademik mübadilə və birgə elmi tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirilib.

Tələbələrin akademik nailiyyətləri rektor Elçin Babayevin uğurlu fəaliyyətinin daim ən yaxşı göstəricisi olub. 2025-ci ildə BDU-nun 16, 2026-cı ildə isə 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Yüksək nəticə göstərən tələbələrin təşviqi məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis edilib. 2025/2026-cı tədris ilindən etibarən bakalavriat səviyyəsinə qəbul zamanı müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplamış abituriyentlər arasından ən yüksək nəticə göstərən tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilməsinə başlanılıb.

Rektor Elçin Babayevin rəhbərliyi ilə müasir əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması istiqamətində ardıcıl iş aparılıb. 2026/2027-ci tədris ilində bakalavriat səviyyəsində regionşünaslıq (Afrika üzrə) ixtisası üzrə kadr hazırlığına başlanılıb. Eyni tədris ilində magistratura səviyyəsində süni intellekt, kriptologiya, qida kimyası, dərman kimyası, biotibbi materiallar, bioinformatika, dövlət idarəetməsində strateji kommunikasiyalar, beynəlxalq təhlükəsizlik, türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri, ictimaiyyətlə iş, klinik sosial iş və geoekologiya istiqamətlərini əhatə edən 42 yeni ixtisaslaşma yaradılıb.

Elçin Babayevin rəhbərliyi dövründə BDU məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanları da genişlənib. 2026-cı ildə 45 məzun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı olub. 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsində xaricdə təhsil almaq hüququ qazanan 353 nəfərdən 40-ı, doktorantura səviyyəsində isə bu hüququ qazanan 22 nəfərdən 5-i BDU məzunu olub.

Son iki il ərzində universitetdə Mədəni İrsi Araşdırmalar Mərkəzi, Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası, Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi, Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası, Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası, eləcə də Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi kimi yeni elm və tədris strukturları yaradılıb.

2023–2026-cı illərdə BDU-nun 1 və 2 nömrəli tədris korpuslarında əsaslı təmir işləri aparılmış, korpuslar ən müasir avadanlıqlarla təchiz edilərək tələbələrin və müəllimlərin istifadəsinə verilib.

Elçin Babayevin rəhbərliyi dövründə həyata keçirilən tədbirlər universitetin tədris, elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq və tələbə həyatının müxtəlif istiqamətlərini əhatə edib. Onun fəaliyyəti BDU-nun 100 illik yubiley medalı və “Tərəqqi” medalı ilə qiymətləndirilib.

AFN Araşdırma qrupu





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu