ABŞ hərbçiləri Ayova ştatında 4,5 ton zəhərli maddəni partladıb
ABŞ hərbçiləri Ayova ştatındakı zavodda 4,5 ton qurğuşun azidini nəzarətli partlayış üsulu ilə məhv edib.
AFN.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, partlayış zamanı ərazidə güclü səs eşidilib və əməliyyat yerinin üzərində yaranan iki ağ tüstü buludu qısa müddətdə dağılıb. Hərbçilər jurnalistləri və digər müşahidəçiləri partlayış yerinə 6,4 kilometrdən yaxın buraxmayıblar.
Hakimiyyət orqanlarının sakinlərə evdə qalmaq barədə xəbərdarlıq etməsinə baxmayaraq, bəzi yerli sakinlər partlayışı izləmək üçün küçələrə çıxıblar.
ABŞ ordusu Middltaun şəhərindəki zavodda zəhərli qurğuşun azidinin olduğu 68 çəlləyi hələ noyabrın 20-də nəzarətli partlayışlarla məhv etməyi planlaşdırırdı. Lakin ekoloji fəalların məhkəməyə müraciətindən sonra kimyəvi maddələrin partladılması nəticəsində təhlükəli birləşmələrin ətraf mühitə yayıla biləcəyi əsas gətirilərək planın icrasına müvəqqəti qadağa qoyulmuşdu.
Buna baxmayaraq, ABŞ Ədliyyə Nazirliyi noyabrın 22-də ordunun fövqəladə səlahiyyətlər əsasında utilizasiya işlərini həyata keçirə biləcəyini açıqlayıb.
