Almaniyada qadınlara qarşı zorakılıqla mübarizə gücləndiriləcək - Merz söz verdi
Almaniya kansleri Fridrix Merz ölkədə qadın və qızların zorakılıqdan, o cümlədən gender zəminində törədilən qətllərdən qorunması üçün əlavə tədbirlər görüləcəyini vəd edib.
AFN.az DPA-ya istinadən xəbər verir ki, kansler bu barədə noyabrın 25-də Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibətilə Bundestaqda keçirilən çıxışı zamanı danışıb. Tədbirdə deputatlar zorakılıq qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Merz hökumətin qadınların, qızların və uşaqların müdafiəsini gücləndirmək üçün əlavə addımlar atacağını bildirib.
“İstəyirəm sizi əmin edim ki, hökumət olaraq cəmiyyətimizdə qadınları, qızları və uşaqları indiyədək bacardığımızdan daha yaxşı qorumaq üçün əlimizdən gələni edəcəyik”, – deyə kansler vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə ilk qanunvericilik təşəbbüsləri artıq irəli sürülüb.
Bundestaqın sədri Yuliya Klöknər isə Almaniyanı digər ölkələrin təcrübəsini öyrənməyə çağırıb. O, xüsusilə İspaniyanın təcrübəsini nümunə göstərib. Bildirib ki, bu ölkədə təxminən 20 il əvvəl məktəblərdə məcburi profilaktik məşğələlər tətbiq edilib, zorakılıq törətmiş şəxslərə nəzarət gücləndirilib və zərərçəkənlərin müdafiəsi prioritetə çevrilib.
“Zorakılığın qurbanları utanmalı deyil. Utanmalı olan cinayətkarlardır”, – deyə Klöknər bildirib.
Qeyd edək ki, həmin gün o və anım tədbirinin digər iştirakçıları qadın və qızlara qarşı zorakılıqdan azad, daha işıqlı gələcəyin rəmzi olan narıncı rəngdən istifadə ediblər. Bu rəng BMT tərəfindən də həmin məqsədlə simvol kimi qəbul edilib.
Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günü hər il noyabrın 25-də qeyd olunur.

