Britaniyada dua edən qadın ictimai asayişi pozmaqda ittiham olunur
Böyük Britaniyada abort klinikalarının yaxınlığında dua edən qadın ictimai asayişi pozmaqda ittiham olunur və 2027-ci ilin yanvarında məhkəmə qarşısına çıxarılacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, aborta qarşı fəaliyyət göstərən “March for Life UK” təşkilatının həmtəsisçisi İzabel Von-Sprus barəsində məhkəmə prosesi başlanacaq.
Təşkilatın məlumatına görə, 49 yaşlı fəala qarşı 2025-ci ilin iyun-noyabr aylarında baş verdiyi iddia edilən beş qanun pozuntusu üzrə ittiham irəli sürülüb. İşə baxılması barədə qərarı Birmingem Magistratura Məhkəməsinin hakimi Tan İkram qəbul edib.
İngiltərənin Vusterşir qraflığındakı Malvern şəhərində yaşayan qadının cinayət təqibi 2024-cü ilin oktyabrında qanunvericiliyə edilən dəyişikliklərdən sonra mümkün olub. Von-Sprus abort xidmətləri göstərilən klinikaların ətrafında tətbiq edilən və “bufer zonası” adlandırılan ərazidə qanunu pozmaqda ittiham olunan ilk şəxsdir.
Qanunvericiliyə əsasən, abort klinikalarının 150 metr radiusunda insanlarda narahatlıq və təşviş yarada biləcək hər hansı aksiya keçirmək qadağandır.
Von-Sprus isə ittihamları tənqid edib. O, sakit şəkildə dua etməyin Böyük Britaniyada cinayət hesab edilməməli olduğunu bildirib və barəsindəki cinayət təqibini fikir azadlığına müdaxilə kimi qiymətləndirib.
“Mənim ehtimal olunan fikir cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməyim Britaniyada senzura böhranının açıq sübutudur. Ümid edirəm və səmimi qəlbdən dua edirəm ki, məhkəmə fundamental insan hüquqlarımı – fikir və dini etiqad azadlığımı müdafiə edəcək və yanvar ayında keçiriləcək prosesdən sonra mənim xeyrimə qərar verəcək”, – deyə fəal bildirib.
Von-Sprus ilk dəfə 2022-ci ilin dekabrında Birmingemdəki klinikalardan birinin yaxınlığında dua etdiyinə görə saxlanılıb. 2023-cü ilin fevralında Birmingem Magistratura Məhkəməsi ona bəraət verib.
Həmin ilin martında qadın yenidən saxlanılsa da, bir neçə ay sonra hüquq-mühafizə orqanları işi məhkəməyə göndərməkdən imtina edib və ona 13 min funt sterlinq (təxminən 17 min ABŞ dolları) kompensasiya ödəyib.
Lakin İctimai Asayiş Aktına edilən dəyişikliklərdən sonra hakimiyyət orqanları fəalı yenidən məhkəmə qarşısına çıxarmaq imkanı əldə edib. Təqsiri sübuta yetirilərsə, məhkəmənin müəyyən edəcəyi məbləğdə cərimə ödəməli olacaq.


