ABŞ Qrenlandiyada yeni hərbi bazalar açmaq üçün gizli danışıqlar aparır
ABŞ administrasiyası Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək məqsədilə Danimarka ilə diplomatik danışıqları davam etdirir.
AFN.az xəbər verir ki, mövzuya yaxın mənbələrin verdiyi məlumata görə, tərəflər son aylarda aparılan müzakirələrdə mühüm irəliləyiş əldə ediblər.
Vaşinqton administrasiyasının adanın cənub hissəsində üç yeni hərbi baza açmağı planlaşdırdığı bildirilir. Bu addım ABŞ Prezidenti Donald Trampın əvvəllər Qrenlandiya ilə bağlı verdiyi açıqlamalardan sonra bölgədə yaranmış diplomatik gərginliyi idarə etmək cəhdi kimi qiymətləndirilir.
Ağ Ev Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli təmasların davam etdiyini təsdiqləyib və danışıqların gedişindən məmnunluq duyulduğunu bildirib. Planlaşdırılan yeni bazaların Rusiyanın və Çinin Şimali Atlantikadaki fəaliyyətlərini izləməyə yönələcəyi qeyd olunur.
Strateji baxımdan “GIUK keçidi” kimi tanınan bölgədə yerləşəcək bu obyektlərin xüsusilə dəniz nəqliyyatının monitorinqində mühüm rol oynayacağı gözlənilir. Müzakirələrdə diqqət çəkən məqamlardan biri yeni bazaların rəsmi olaraq ABŞ-ın suveren ərazisi statusunda qiymətləndirilməsi təklifidir. İlkin mərhələdə keçmiş hərbi hava limanının yerləşdiyi Narsarsuaq bölgəsinin baza üçün ən güclü namizəd olduğu bildirilir.
Ekspertlər xərcləri azaltmaq məqsədilə mövcud liman və hava limanı infrastrukturu olan ərazilərə üstünlük veriləcəyini ehtimal edirlər. Prosesə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maykl Nidhem rəhbərlik edir və onun yanvar ayından bəri danimarkalı həmkarları ilə ən azı beş dəfə görüş keçirdiyi bildirilir.
Danimarka Xarici İşlər Nazirliyi ABŞ ilə diplomatik kanalların açıq olduğunu təsdiqləsə də, danışıqların detalları barədə məlumat verməkdən çəkinir. Soyuq müharibə dövründə Qrenlandiyada 17 hərbi obyektə malik olan ABŞ-ın hazırda adada yalnız Pituffik Kosmik Bazası fəaliyyət göstərir.
Adanın şimal-qərbində yerləşən bu obyekt raket xəbərdarlığı sistemləri üzərində işləyir, planlaşdırılan yeni bazaların isə dəniz müdafiə imkanlarını artıracağı bildirilir. Danışıqlarda hələ yekun razılaşmanın əldə olunmadığı qeyd olunur.
