Britaniya 100 min keçmiş hərbçini mümkün müharibəyə hazırlıq üçün məlumatlandırıb



Böyük Britaniyanın Müdafiə Nazirliyi strateji ehtiyat qüvvələri hesab edilən 100 min keçmiş hərbçiyə mümkün müharibəyə hazır olmaları ilə bağlı məktub göndərib. 

AFN.az xəbər verir ki, məktublarda keçmiş hərbçilərə könüllü şəkildə təlimlərdə, hərbi manevrlərdə və NATO təlimlərində iştirak edə biləcəkləri bildirilib.

The Telegraph qəzetinin eksklüziv məlumatına görə, Müdafiə Nazirliyi strateji ehtiyatda olan keçmiş hərbçilərdən əlaqə məlumatlarını yeniləməyi, hazırkı iş yerləri və bacarıqları barədə orduya məlumat verməyi istəyib.

Məktubların əsas məqsədinin ehtiyatda olan hərbçilərin mümkün müharibə vəziyyətində çağırıldıqları təqdirdə hazır olmalarını təmin etmək olduğu bildirilib. Nəşr qeyd edib ki, hökumət bu addımla hərbi hücum baş verəcəyi təqdirdə ölkənin özünü müdafiə etmək imkanlarını gücləndirməyi hədəfləyir.

İkinci Dünya müharibəsindən bəri ilk dəfə ehtiyat qüvvələrin müharibəyə hazır olmasını istəyən hökumətin məktubunda bu təşəbbüsün hazırlığı və çəkindirmə imkanlarını gücləndirmək, münaqişə riskini azaltmaq məqsədi daşıyan praktiki addım olduğu vurğulanıb.

Məktubu şərh edən ordu rəsmilərindən biri bildirib ki, təşəbbüsün məqsədlərindən biri də keçmiş hərbi qulluqçuların məlumatlarını yeniləməkdir. Onun sözlərinə görə, vaxtilə orduda tank idarə edən şəxs hazırda mülki həyatda ordunun daha çox ehtiyac duyduğu tamamilə fərqli bir sahədə çalışa bilər.

Ordu rəsmisi ehtiyat qüvvələrin qəfil səfərbər edilməyəcəyini də vurğulayıb. O bildirib ki, onların məlumatlarını yeniləməmək və ehtiyac yarandıqda onlarla əlaqə saxlaya bilməmək düzgün olmazdı. Rəsminin sözlərinə görə, keçmiş hərbçilərin bəzi bacarıqları zamanla zəifləyə bilər. Buna görə də ilk mərhələdə onların kim olduqlarını, harada yaşadıqlarını və hansı bacarıqlara malik olduqlarını müəyyənləşdirmək vacibdir.

Keçmiş Hərbçilər üzrə dövlət naziri Kalvin Beyli də məktubun göndərildiyini təsdiqləyib. Bununla belə, o, bu addımın keçmiş hərbçilərin dərhal orduya çağırılması anlamına gəlmədiyini bildirib.

Beyli qeyd edib ki, ölkənin gücü yalnız silah və texnika ilə deyil, insan resursları ilə də ölçülür və strateji ehtiyat qüvvələr bu gücün bir hissəsidir. Onun sözlərinə görə, strateji ehtiyatda olanların böyük əksəriyyəti heç vaxt yenidən orduya çağırılmayacaq və onlar artıq hər gün çəkindirici amil kimi münaqişələrin qarşısının alınmasına töhfə verirlər. Nazir əlavə edib ki, məktublar ehtiyat qüvvələrin hərbi xidmətə çağırılmaq üzrə olduğu demək deyil; məqsəd kimlərin uyğun olduğunu, onlarla necə əlaqə saxlamağın mümkünlüyünü və hansı bacarıqlara sahib olduqlarını müəyyənləşdirməkdir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu