Güclü sosial əlaqələr delfinlərin daha uzun yaşamasına kömək edir
Avstraliyada 40 il ərzində aparılan müşahidələrə əsaslanan araşdırma delfinlərin sosial münasibətləri ilə ömür uzunluğu arasında əlaqə olduğunu üzə çıxarıb.
AFN.az xəbər verir ki, güclü və davamlı sosial bağlar quran delfinlər daha uzun yaşamağa meyilli olur.
Avstraliyanın qərbində yerləşən Şark körfəzində yaşayan Hind-Sakit okean şişburun delfinlərini araşdıran alimlər heyvanların sosial əlaqələri ilə həyat müddəti arasında bağlılıq müəyyən ediblər.
PLOS Biology jurnalında dərc olunan tədqiqat təxminən 40 il ərzində toplanmış on minlərlə müşahidəyə əsaslanır.
Tədqiqatçılar fərdi olaraq tanıdıqları delfinlərin həyatları boyunca hansı qruplarla vaxt keçirdiklərini izləyiblər.
Nəticələr göstərib ki, güclü və sabit sosial əlaqələrini qoruyan delfinlər daha uzun ömür sürməyə meyillidirlər.
Araşdırmanın aparıcı müəllifi Kelley Meehan bildirib ki, delfinlər yaşlandıqca birlikdə vaxt keçirəcəkləri qrupları seçərkən daha tələbkar olurlar.
Sosial münasibətlər delfinlərə məlumat mübadiləsi aparmağa, cüt tapmağa və möhkəm əlaqələr qurmağa kömək edir. Bununla belə, böyük qruplarda xəstəliklərin yayılması və stress kimi risklər də mövcuddur.
Araşdırmada erkək delfinlərin həyatlarının bütün mərhələlərində dişilərlə müqayisədə daha böyük qruplar halında vaxt keçirdikləri müəyyən edilib. Dişi delfinlərin isə əsasən qohumları və oxşar qidalanma vərdişlərinə malik fərdlərlə bir araya gəldikləri müşahidə olunub.
Tədqiqatda iştirak etməyən dəniz məməliləri üzrə mütəxəssis Mike Bossley delfinlərin sosial davranışlarının insanlarla oxşarlıq təşkil etdiyinə diqqət çəkib.
Bossley bildirib ki, hər bir fərdin özünəməxsus sosiallaşma tərzi var və sosial münasibətlər zamanla dəyişir. Onun sözlərinə görə, insanlar və digər növlər arasındakı davranış fərqləri düşünüldüyündən daha az ola bilər.
