İslandiyada balıqçı gəmisi batıb: 3 nəfər ölüb, 14 nəfər xilas edilib
İslandiya sahillərində balıqçı gəmisinin batması nəticəsində üç dənizçi həyatını itirib, 14 nəfər isə xilas edilib.
AFN.az xəbər verir ki, qəza zamanı gəmidə ümumilikdə 17 nəfərlik heyət olub.
İslandiyanın ictimai yayım qurumu RUV-un məlumatına görə, Raufarhöfn limanında fəaliyyət göstərən balıqçı gəmisi əlverişsiz hava şəraiti səbəbindən batıb.
İslandiya Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, gəmi kapitanının su sızması barədə təcili yardım çağırışından sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Gəminin 17 nəfərlik heyətindən 14-ü xilas edilib, üç nəfər isə həyatını itirib.
İslandiyanın Baş naziri Kristrun Frostadottir keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin çətin şəraitdə aparıldığını bildirib. O, sağ qalanların olub-olmadığının əvvəlcə məlum olmadığını vurğulayaraq, həm axtarış-xilasetmə helikopterinin, həm də ekipajın böyük cəsarət nümayiş etdirdiyini deyib.



