ABŞ və Avropada kiberhücumlar genişlənir: MKİ, FTB və FIFA da hədəfə alınıb
ABŞ və Avropanın bir sıra ölkələrində dövlət qurumları və beynəlxalq təşkilatlar kiberhücumların hədəfinə çevrilib.
AFN.az xəbər verir ki, ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqat Bürosu (FTB) və Maliyyə Nazirliyinin sistemlərinə müdaxilə edildiyi, Avropada isə Belçika, Almaniya, Fransa və Yunanıstanda müxtəlif kiberinsidentlərin qeydə alındığı bildirilir.
Amerika mətbuatının məlumatına görə, MKİ və Milli Kəşfiyyat Direktorluğunun istifadə etdiyi kompüter şəbəkələrindən birinə sızılıb. Kiberhücumun hədəfində açıq mənbəli kəşfiyyat təhlili sistemi olub.
İnternet saytları, sosial media paylaşımları, peyk görüntüləri və kommersiya məlumat bazalarından əldə edilən informasiyalar həmin sistemdə toplanaraq təhlil edilir.
Rəsmilərin sözlərinə görə, məxfi sənədlərin saxlanıldığı sistemlərə giriş əldə edilməyib.
Federal Təhqiqat Bürosu (FTB) ölkə üzrə hüquq-mühafizə orqanlarının istifadə etdiyi Milli Cinayət Məlumat Mərkəzinə qarşı mümkün kiberhücumla bağlı araşdırma aparır. Sözügedən məlumat bazasında axtarışda olan şəxslər, itkin düşənlər, cinayət keçmişi və oğurlanmış əşyalar barədə məlumatlar saxlanılır.
ABŞ Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Maliyyə Cinayətlərinin Araşdırılması Şəbəkəsində də kibertəhlükəsizlik pozuntusu açıqlanıb. Bildirilib ki, sistemlərin bir hissəsinə icazəsiz giriş təmin edilib, bəzi sistemlər isə ehtiyat tədbiri olaraq fəaliyyətindən müvəqqəti çıxarılıb.
Avropada da bir sıra ölkələr kiberhücumların hədəfinə çevrilib. Belçikada kəşfiyyat xidməti ilə yanaşı, Avropa Komissiyasının əməkdaş və insan resursları sistemlərinə hücum edilib. Həmçinin 82 bələdiyyənin məlumatlarına sızmağa cəhd göstərilib.
Almaniyada müdafiə sənayesi müəssisələri, Fransada supermarketlərin soyutma sistemləri və şəxsi məlumatlar, Yunanıstanda isə NATO yanında Daimi Nümayəndəlik kiberhücumlara məruz qalıb.
Kiberhücumçular FIFA-nı da hədəfə alıblar. Şəxsiyyət sənədləri, maliyyə qeydləri və hüquqi işlərə dair sənədlər də daxil olmaqla, 12 GB-dan çox məlumatın ələ keçirildiyi iddia olunur.
