Banqkokda neft emalı müəssisəsində partlayış: 7 nəfər yaralanıb
Taylandın paytaxtı Banqkokda böyük neft müəssisəsində baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.
Ölkənin milli mətbuatının məlumatına görə, partlayış paytaxtın cənub-şərqində yerləşən Banq Na bölgəsindəki Bangchak neft müəssisəsində baş verib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Banq Na Yerli İdarəetmə Ofisi açıqlamasında yaxınlıqda yaşayan sakinlərdən müəssisənin ətrafındakı əraziləri tərk etmələrini istəyib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidən göyə doğru sıx qara tüstünün yüksəldiyi görünür.
Banqkok bələdiyyəsinin rəsmiləri bildiriblər ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə göndərilən yanğınsöndürmə briqadaları təxminən bir saat ərzində yanğını söndürüblər.
Partlayışın səbəbi və dəymiş ziyanın ehtimal olunan miqyası araşdırılır.
Neft müəssisəsinin operatoru olan Bangchak Corp. şirkəti Facebook hesabında paylaşım edərək obyektdə istehsalın müvəqqəti dayandırıldığını açıqlayıb.

