COP31 hesabatları iqlim böhranının miqyasını və təhdidlərini üzə çıxarıb



Antalyada keçirilən COP31 çərçivəsində açıqlanan hesabatlar iqlim böhranının kritik həddə çatdığını və onunla mübarizə üçün görülən tədbirlərin yetərli olmadığını göstərib. 

AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumları tərəfindən təqdim edilən araşdırmalarda qlobal istiləşmənin sürəti, təbii fəlakətlərin təsirləri və iqlim dəyişikliklərinə uyğunlaşma imkanları ilə bağlı ciddi nəticələr yer alıb.

Türkiyənin ev sahibliyi ilə Antalyada təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) zamanı ictimaiyyətə açıqlanan əsas hesabatlar iqlim böhranının mövcud vəziyyətini və bu böhranla mübarizə tədbirlərinin effektivliyini ortaya qoyub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən COP31-in ilk günü – noyabrın 9-da yayımlanan 2026-cı il Qlobal İqlim Fəaliyyəti İlliyi adlı hesabatda qlobal iqlim tədbirlərində irəliləyiş əldə olunduğu, lakin mövcud tempin iqlim hədəflərinə çatmaq üçün kifayət etmədiyi bildirilib.

Hesabatda araşdırılan 96 qlobal sosial-iqtisadi göstəricidən 44-də irəliləyiş əldə edildiyi, 19 göstərici üzrə irəliləyiş olmadığı, 33 göstərici ilə bağlı isə kifayət qədər məlumatın mövcud olmadığı qeyd edilib.

Bərpa olunan enerji mənbələrinin elektrik istehsalındakı payı 2025-ci ildə 33,8 faizə yüksələrək 33 faiz paya malik kömürü geridə qoyub. Həmin il elektrik avtomobilləri minik və yüngül kommersiya avtomobillərinin ümumi satışının 25 faizini təşkil edib.

Hesabata əsasən, kənd təsərrüfatı və ərzaq sistemlərində ərzaq itkiləri və iqlim dəyişikliklərinə davamlılıq mühüm problemlər olaraq qalır. Qlobal ərzaq istehsalının 13 faizi itirilir.

Dünya Meteorologiya Təşkilatının (WMO) COP31 üçün yenilənmiş İqlimin Vəziyyəti hesabatı da noyabrın 9-da açıqlanıb. Sənədə görə, 2015-2026-cı illər arasındakı 12 il meteoroloji qeydlərin aparıldığı dövrdə ən isti 12 il olub.

2026-cı ilin yanvar-sentyabr aylarında qlobal orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,47 dərəcə yüksək olub. Bu ilin müşahidə tarixində ən isti dörd ildən biri olacağı proqnozlaşdırılıb.

Hesabatda Sakit okeanda formalaşan El Nino hava hadisəsinin ilin sonuna doğru çox güclü səviyyəyə çatacağının gözlənildiyi və bunun 2027-ci ildə qlobal temperatur rekorduna səbəb ola biləcəyi vurğulanıb.

2026-cı ildə okean sularının temperaturu ardıcıl 10-cu dəfə illik rekord həddə çatıb. Qlobal orta dəniz səviyyəsi isə 1993-cü ildə peyk müşahidələrinin başlanmasından bəri ən yüksək göstəriciyə yüksəlib.

Hesabatda atmosferdəki üç əsas istixana qazının səviyyəsi ilə bağlı məlumatlar da yer alıb. Sənayedən əvvəlki dövrlə müqayisədə atmosferdə karbon qazının konsentrasiyası 53 faiz, metanın konsentrasiyası 167 faiz, diazot monoksidin konsentrasiyası isə 26 faiz artaraq rekord səviyyələrə çatıb.

Sənəddə 2026-cı ilin yanvar-avqust aylarında baş vermiş ekstremal hava hadisələrindən də nümunələr göstərilib. Avropada yay boyunca davam edən isti hava dalğaları nəticəsində 30 mindən çox, Nepalda isə buzlaq çökməsi və bunun ardınca baş verən daşqınlar zamanı 1356 nəfərin həyatını itirdiyi xatırladılıb.

BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisi (UNDRR) və WMO tərəfindən hazırlanan 2026-cı il Çoxsaylı Təhlükələrə Qarşı Erkən Xəbərdarlıq Sistemlərinin Qlobal Vəziyyəti hesabatı noyabrın 11-də açıqlanıb. Sənəddə dünyada erkən xəbərdarlıq sistemlərinə malik ölkələrin sayının artdığı, lakin xüsusilə iqlim dəyişikliklərinin təsirlərinə qarşı ən həssas ölkələrdə ciddi çatışmazlıqların qaldığı bildirilib.

Hesabata görə, 2026-cı il etibarilə çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə malik ölkələrin sayı 136-ya çatıb. 2015-ci ildə bu göstəricinin cəmi 56 olduğu xatırladılaraq, ölkələrin sayında 2015-ci illə müqayisədə 143 faizlik artım qeydə alındığı bildirilib.

Hesabatda erkən xəbərdarlıq sistemlərinin insan həyatını xilas etmək imkanlarına dair statistikalar da təqdim edilib. İnkişaf etmiş erkən xəbərdarlıq sistemlərinə malik ölkələrdə fəlakətlər nəticəsində ölüm nisbətinin bu sistemlərin məhdud və ya orta səviyyədə olduğu ölkələrlə müqayisədə 6,1 dəfə aşağı, fəlakətlərdən zərər çəkən insanların sayının isə 3,2 dəfə az olduğu vurğulanıb.

BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hazırladığı İqlim Dəyişmələrindən Təsirlənən Ekosistemlərin Bərpası üçün Həllər adlı Yaşıl Texnologiyalar Kitabında ekosistemlərin bərpası üçün tələb olunan maliyyə vəsaiti və onların monitorinqində süni intellektin rolu araşdırılıb.

Hesabatda qlobal ekosistemlərin bərpası üçün 2030-cu ilədək illik 296 milyard dollar investisiyaya ehtiyac duyulacağı, hazırda isə hər il təxminən 64-133 milyard dollar maliyyə vəsaitinin ayrıldığı bildirilib. Mövcud maliyyələşmənin təxminən dörddə üçünün dövlət sektorunun payına düşdüyü qeyd edilib.

Sənəddə süni intellekt və maşın öyrənməsi, peyk görüntüləri və məsafədən zondlama, pilotsuz uçuş aparatları, lidar və radar sistemləri kimi texnologiyalar sayəsində meşələrin vəziyyətinin, vəhşi heyvanların hərəkətinin, mərcan riflərində ağarma prosesinin, buzlaqların əriməsinin və bataqlıq ərazilərdəki dəyişikliklərin daha yaxından izlənə bildiyi izah olunub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) COP31-in ikinci günü – noyabrın 10-da açıqladığı Sosial Müdafiə və İqlim Dəyişmələrinə Uyğunlaşmanın Sərhədləri hesabatında iqlim dəyişikliklərinin təsirləri ağırlaşdıqca fermerlərin və kənd yerlərində yaşayan icmaların bu təsirlərə uyğunlaşmaq imkanlarının da məhdudlaşdığı bildirilib.

Kənd təsərrüfatı istehsalının davamlılığını itirdiyi bölgələrdə fermerlərin borclanma, yoxsullaşma və miqrasiya kimi problemlərlə üzləşdiyi qeyd olunub. Xüsusilə kiçik fermer təsərrüfatlarının alternativ gəlir mənbələrinə və sosial təminata çıxış imkanlarının məhdud olduğu vurğulanıb.

Hesabatda bu problemlərin həlli üçün yalnız iqlimə uyğunlaşma siyasətinin kifayət etmədiyi, sosial müdafiə sistemlərinin də işə salınmasının zəruri olduğu bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu