Yəmən ordusu husilərə qarşı 654 əməliyyat keçirib: 109 silahlı zərərsizləşdirilib



Yəmən ordusu İranın dəstəklədiyi husilərə qarşı keçirdiyi 654 əməliyyat nəticəsində 109 silahlının zərərsizləşdirildiyini və 76 hərbi texnikanın məhv edildiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, hücumlar 5 oktyabrda başlanan Yəmənin Şəfəqi əməliyyatı çərçivəsində həyata keçirilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Macid Nezili ABŞ-ın X şirkətinə məxsus sosial şəbəkə hesabında paylaşım edərək husilərə qarşı hücumların davam etdiyini bildirib.

Nezili qeyd edib ki, husilərə qarşı 21 hava zərbəsi, 577 artilleriya atəşi, 36 pilotsuz uçuş aparatı (PUA) hücumu və 20 reaktiv yaylım atəşi sistemi ilə zərbə endirilib.

Onun sözlərinə görə, hücumlar zamanı husilərin toplanma məntəqələri və əlavə qüvvələri hədəfə alınıb. Nəticədə 109 husi silahlısı zərərsizləşdirilib, 76 hərbi texnika məhv edilib.

Nezili Marib, Əl-Cövf, Taiz və Lahic vilayətlərində, eləcə də Yəmənin şimal bölgələrində husilərə qarşı hərbi əməliyyatların davam etdiyini bildirib.

Husilərin hərbi sözçüsü Yəhya Səri də X hesabında yaydığı açıqlamada Səudiyyə Ərəbistanının son 24 saat ərzində 105 hava və raket hücumu həyata keçirdiyini iddia edib.

Sərinin sözlərinə görə, hücumlar Səna, Cövf, Taiz, Amran, Həccə, Səada, Hudeydə, Dali, İbb, Lahic və Beyda vilayətlərini hədəf alıb. O, zərbələr nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğunu bildirib.

Husilərin hərbi sözçüsü gərginliyin artmağa başladığı vaxtdan bəri Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücumların sayının 5 min 825-ə çatdığını iddia edib.

Yəməndə İranın dəstəklədiyi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçirməsindən sonra böhran daha da dərinləşib.

Bu hadisələrin ardından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verməyə başlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu