BMT: Somalidə humanitar yardım planının cəmi 36 faizi maliyyələşdirilib



Somalidə humanitar yardıma ehtiyacı olan milyonlarla insan maliyyə çatışmazlığı səbəbindən dəstək ala bilmir. 

AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ölkə üçün hazırlanan humanitar yardım planının cəmi 36 faizi maliyyələşdirilib və yardım göstərilməsi nəzərdə tutulan 2,4 milyondan çox insanın ən azı 1,4 milyonu lazımi dəstəkdən məhrum qalıb.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Düjarrik bildirib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəsmiləri Somalidə milyonlarla insanın ehtiyac duyduğu yardımı ala bilməməsi ilə bağlı xəbərdarlıq ediblər. O, maliyyə çatışmazlığı və humanitar yardıma çıxış məhdudiyyətləri səbəbindən BMT və onun humanitar tərəfdaşlarının əməliyyatları azaltmaq məcburiyyətində qaldığını qeyd edib.

BMT rəsmisinin sözlərinə görə, ilin başa çatmasına cəmi bir neçə həftə qalmış 852 milyon dollarlıq humanitar yardım planının yalnız 36 faizi maliyyələşdirilib və mövcud vəsait 306 milyon dollar təşkil edir.

Düjarrik qeyd edib ki, bu ilin yanvar-oktyabr aylarında BMT və tərəfdaşları təxminən 920 min insana yardım çatdıra biliblər. Lakin bu rəqəm plan çərçivəsində dəstək göstərilməsi nəzərdə tutulan 2,4 milyondan çox insanın yalnız 38 faizini təşkil edir.

Onun sözlərinə görə, bu, 1,4 milyon və ya daha çox insanın ehtiyac duyduğu yardımı ala bilməməsi deməkdir. Əhaliyə göstərilən ərzaq yardımı da kəskin şəkildə azalıb.

Düjarrik ölkədə yardım alan insanların sayının yanvar ayında 1,1 milyondan bir qədər çox olduğu halda, iyul-sentyabr dövründə aylıq orta hesabla 411 min 500 nəfərə qədər azaldığını bildirib. O, maliyyə çatışmazlığı səbəbindən ölkə üzrə ən azı 233 qidalanma mərkəzinin bağlandığını da açıqlayıb.

BMT sözçüsü qalan fəaliyyətləri davam etdirmək və əlavə ixtisarların qarşısını almaq üçün təcili olaraq əlavə maliyyələşməyə ehtiyac olduğunu vurğulayıb. Əks halda daha çox insanın həyati əhəmiyyət daşıyan yardımdan məhrum qalmaq riski ilə üzləşəcəyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu