167 illik riyazi problemin süni intellektin köməyilə həll edildiyi təsdiqləndi


Süni intellekt modeli Claude-un köməyi ilə hazırlanan Riman hipotezinin sübutu kompüter yoxlamalarından uğurla keçib, onun daha qısa versiyası da müstəqil yoxlamalarda qəbul edilib.

AFN.az xarici mediaya və riyaziyyatçıların açıqladığı yoxlama nəticələrinə istinadən xəbər verir ki, ABŞ-nin "Anthropic" şirkətində çalışan riyaziyyatçı Levent Alpöge noyabrın 20-də 1859-cu ildə irəli sürülmüş Riman hipotezini Claude ilə birlikdə sübut etdiyinə inandığını açıqlayıb.

Riman hipotezi sadə ədədlərin paylanmasının qanunauyğunluqları ilə bağlıdır və riyaziyyatın ən məşhur həll olunmamış problemlərindən biri hesab edilir. Bu problem 2000-ci ildə Clay Riyaziyyat İnstitutu tərəfindən müəyyənləşdirilən yeddi Minilliyin Problemləri sırasına daxil edilib. Onun həllinə görə 1 milyon dollar mükafat nəzərdə tutulur.

Alpöge ilkin sübutu Lean adlı formal riyazi yoxlama sistemində təqdim edib. Təxminən 17,4 milyon sətirdən ibarət kodun bütün modulları kompüter vasitəsilə yoxlanılıb. Lean FRO və Mathlib icmaları noyabrın 21-də sübutun riyazi ifadəsinin və formal versiyasının düzgünlüyünü təsdiqləyən birgə açıqlama yayıblar.

Növbəti mərhələdə MIT-dən riyaziyyatçı Endryu Sazerlend və digər tədqiqatçılar da müstəqil yoxlamalar aparıblar. Noyabrın 25-də sübutun daha yığcam versiyaları təqdim olunub. Noyabrın 26-da açıqlanan nəticələrə əsasən, kompakt versiya 794 modul üzrə yoxlamalardan keçib və müxtəlif müstəqil yoxlama mexanizmləri tərəfindən qəbul edilib.

Bununla belə, sübutun kompüter tərəfindən yoxlanılması onun elmi ictimaiyyətdə bütünlüklə qəbul edilməsi demək deyil. Riyazi arqumentin mütəxəssislər tərəfindən ətraflı araşdırılması və insan tərəfindən anlaşılan formada təqdim olunması prosesi davam edir.

Əgər nəticə bütün elmi qiymətləndirmə mərhələlərindən uğurla keçərsə, bu, həm 167 illik riyazi problemin həlli, həm də süni intellektin elmi tədqiqatlardakı imkanları baxımından tarixi hadisə ola bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu