Aİ liderləri 2028-2034-cü illərin büdcəsini müzakirə etmək üçün Brüsseldə toplaşıblar



Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri 2028-2034-cü illər üçün nəzərdə tutulan büdcənin həcmi və üzv dövlətlərin maliyyə töhfələri ilə bağlı razılığa gəlmək məqsədilə Brüsseldə toplaşıblar. 

AFN.az xəbər verir ki, iki gün davam etməsi planlaşdırılan Aİ Liderlər Zirvəsinin əsas gündəm mövzusu birliyin yeni uzunmüddətli büdcəsidir.

Aİ Şurasının prezidenti Antonio Kosta zirvə toplantısı ərəfəsində verdiyi açıqlamada yeni uzunmüddətli büdcənin görüşün ən mühüm gündəm maddəsi olduğunu bildirib.

O, fermerlərə dəstək göstərilməsinin vacibliyini vurğulayaraq, şəhər və bölgələrin də dəstəklənməli, təhlükəsizlik və müdafiəyə daha çox investisiya yatırılmalı, rəqabət qabiliyyəti artırılmalı, eləcə də vətəndaşların enerji qiymətləri və mənzil təminatı ilə bağlı gözləntiləri qarşılanmalı olduğunu qeyd edib.

Kosta büdcəyə üzv ölkələrin milli töhfələrinin münasib səviyyədə saxlanılmasının da vacibliyini bildirib və zirvə toplantısının üç əsas prioritetini açıqlayıb. Onun sözlərinə görə, birinci prioritet büdcənin ümumi həcmi, ikinci büdcədə müxtəlif prioritetlər arasında vəsaitlərin bölüşdürülməsi, üçüncü isə milli töhfələri məqbul səviyyədə saxlamaq üçün yeni gəlir mənbələrindən ibarət balanslaşdırılmış və səmərəli paket üzrə razılığa gəlməkdir.

Aİ Şurasının prezidenti bütün liderləri açıq fikirli, konstruktiv yanaşma və kompromis ruhunda hərəkət etməyə çağırıb. Kosta büdcənin ilin sonuna qədər təsdiqlənməsinin zəruri olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu