Aİ qadın və qızlara qarşı onlayn zorakılığın qarşısının alınmasına çağırıb



Avropa İttifaqının (Aİ) komissarı Hadja Lahbib qadınların və qızların rəqəmsal mühitdə zorakılığa məruz qaldığını bildirərək onlayn dünyanın daha təhlükəsiz hala gətirilməsinə çağırıb. 

AFN.az xəbər verir ki, komissar süni intellekt vasitəsilə yaradılan saxta seksual məzmunların əsasən qadınları hədəf aldığını vurğulayıb.

Lahbib Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında rəqəmsal texnologiyalar dövründə gender əsaslı zorakılığa qarşı mübarizə mövzusunda keçirilən müzakirələrdə çıxış edib. O, şəxsi görüntüləri internetdə yayılan zərərçəkənlərin həmin materialların silinməsini tələb edərkən müxtəlif maneələrlə qarşılaşdıqlarını bildirib.

Rəqəmsal mühitin yeni imkanlar yaratdığını, bununla yanaşı, qadınların və qızların son dərəcə dağıdıcı zorakılıq formalarına məruz qalmasına da şərait yaratdığını vurğulayan Lahbib qadın və qızların onlayn təqibdən, eləcə də görüntülər əsasında həyata keçirilən kiberzorakılıqdan qeyri-mütənasib şəkildə təsirləndiyini qeyd edib.

Lahbib süni intellektlə yaradılan saxta seksual məzmunların 99 faizinin qadınları hədəf aldığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən qadınlar və qızlar sosial mediadan uzaqlaşırlar. Bu vəziyyət onların səslərinin eşidilməsinə mane olur, özlərini ifadə etmək imkanlarını, siyasi iştiraklarını və rəqəmsal iqtisadiyyatda yerlərini məhdudlaşdırır. Qadınların rəqəmsal mühitdən kənarlaşdırılması isə demokratiyanın zəifləməsi deməkdir.

Komissar Aİ-nin 2024-cü ildə qüvvəyə minmiş qadınlara qarşı zorakılıqla mübarizə direktivinin tam icrasına üstünlük verdiklərini vurğulayıb. O, onlayn dünyanın daha təhlükəsiz və gender əsaslı zorakılıqdan azad olmasının vacibliyini qeyd edib.

Lahbib qadınlar və qızlar üçün rəqəmsal mühiti daha təhlükəsiz etmək məqsədilə Rəqəmsal Xidmətlər Aktının da gücləndirilməsi üzərində çalışdıqlarını bildirib. Onun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılan zərərli məzmunlara dair yeni qadağalar dekabrın 2-də Aİ üzrə qüvvəyə minəcək.

Avropa Komissiyasının uşaqların həm onlayn, həm də real həyatda cinayətlərdən qorunmasına dair fəaliyyət planı hazırladığını bildirən Lahbib qeyd edib ki, plan uşaq zərərçəkənlərin müdafiəsinə yönəlməklə yanaşı, bəzi uşaqların cinayət törədən tərəf ola biləcəyini də nəzərə alacaq, erkən müdaxilə və təhsilin əhəmiyyətini vurğulayacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu