Peyklər sahil daşqınlarını əvvəlcədən proqnozlaşdıra bilər
Alimlər peyk görüntülərindən istifadə etməklə sahilboyu ərazilərdə qabarma və çəkilmə səviyyələrini daha dəqiq ölçməyə imkan verən yeni üsul hazırlayıblar.
AFN.az xəbər verir ki, 40 ildən artıq müddəti əhatə edən peyk məlumatlarına əsaslanan bu metod sahil xətlərində su səviyyəsindəki dəyişiklikləri hər 100 metrdən bir müəyyənləşdirməyə imkan verir.
Almaniyanın Münhen Texniki Universiteti və İngiltərənin Oksford Universitetinin tədqiqatçıları dəniz səviyyəsindəki dəyişiklikləri daha detallı ölçmək üçün yeni metod hazırlayıblar.
Alimlər NASA və ABŞ Geoloji Xidməti tərəfindən həyata keçirilən Landsat proqramının 40 ildən artıq müddəti əhatə edən peyk görüntülərini təhlil ediblər.
Metodda dəniz səviyyəsi birbaşa ölçülməyib, bunun əvəzinə qabarma və çəkilmə zamanı sahil xəttinin necə dəyişdiyi izlənilib. Sahilin mailliyi də nəzərə alınaraq suyun qalxıb-enmə səviyyəsi hesablanıb.
Araşdırma çərçivəsində Sakit okean sahillərinin peyk görüntüləri təhlil edilib. Yeni Zelandiyadakı Cənubi Taranaki körfəzində təxminən 90 kilometrlik sahil boyunca qabarma və çəkilmə səviyyəsinin təxminən 1 metr fərqləndiyi müəyyən olunub.
Kristçörç ətrafında da körfəzin şərq hissəsində qabarma və çəkilmə səviyyəsinin cənub sahilləri ilə müqayisədə təxminən 40 santimetr daha yüksək olduğu aşkarlanıb.
Tədqiqatçıların fikrincə, eyni fırtına zamanı bir sahil ərazisi təhlükəsiz qala, onun yaxınlığındakı başqa bir ərazi isə daşqına məruz qala bilər.
Yeni metod, xüsusilə ənənəvi su səviyyəsi ölçmə stansiyalarının kifayət qədər olmadığı bölgələrdə qabarma və çəkilmə ilə bağlı daha lokal və dəqiq proqnozların hazırlanmasına kömək edə bilər. Bununla da sahil daşqınlarına qarşı tədbirlərin və sahil mühafizəsi işlərinin təkmilləşdirilməsi hədəflənir.


