Süni intellektin kəşf etdiyi material batareyalarda litium istifadəsini azalda bilər


ABŞ-da aparılan araşdırmalar nəticəsində süni intellekt və qabaqcıl hesablama sistemlərindən istifadə etməklə, batareyalarda litium istifadəsini əhəmiyyətli dərəcədə azalda bilən material aşkar edilib.


BBC-nin məlumatına görə, "Microsoft" və ABŞ Energetika Nazirliyi nəzdində Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası (PNNL) tərəfindən aparılan araşdırmalar akkumulyatorlarda litiumun istifadəsində perspektivli irəliləyişlərə işarə edir.

İki təşkilat mürəkkəb elmi və riyazi əməliyyatları həll etmək üçün çoxlu sayda kompüterləri birləşdirərək qabaqcıl süni intellekt və yüksək məhsuldar hesablamalardan istifadə edirdi.

Süni intellekt və superkompüterlərdən istifadə edərək, bir həftədən az müddət ərzində 32 milyon potensial qeyri-üzvi material 18 perspektivli nümunəyə endirilib.

Bildirilib ki, ənənəvi laboratoriya tədqiqat üsulları ilə bu skrininq prosesi 20 ildən çox çəkə bilər.

Tədqiqat göstərir ki, süni intellekt və qabaqcıl hesablama sistemləri vasitəsilə kəşf edilən material batareyalarda litium istifadəsini 70 faizə qədər azalda bilər.

Sözügedən material kəşf edildiyi gündən lampaları işıqlandırmaq üçün istifadə edilib.

"Microsoft"un icraçı vitse-prezidenti Ceyson Zander bildirib ki, böyük texnologiya şirkətinin missiyalarından biri 250 illik elmi kəşfi növbəti 25 ilə sığışdırmaqdır.

Bazar dəyərinə və gümüşü rənginə görə tez-tez "ağ qızıl" olaraq adlandırılan litium, elektrikli avtomobillərdən tutmuş smartfonlara qədər bir çox nəqliyyat vasitəsini enerji ilə təmin edən təkrar doldurulan batareyaların əsas komponentlərindən biri kimi dəyərlidir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, elektriklə işləyən avtomobillərə tələbat artdıqca dünya 2025-ci ildə material qıtlığı ilə üzləşə bilər.

ABŞ Energetika Nazirliyindən isə bildirilir ki, 2030-cu ilə qədər litium-ion batareyalara tələbatın 10 dəfəyə qədər artacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu