Son 11 il tarixin ən isti dövrü oldu - HESABAT



Birləşmiş Millətlər Təşkilatının (BMT) hava proqnozu agentliyi 2015–2025-ci illəri əhatə edən son 11 ilin müşahidələr aparılmağa başlandığı vaxtdan bəri ən isti dövr olduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən yayımlanan "Qlobal İqlim Vəziyyəti" hesabatında 2025-ci ilin ümumi sıralamada ikinci və ya üçüncü yerdə qərarlaşdığı bildirilib.

Hesabat 1850-ci ildən bəri aparılan qeydlərə əsasən, son on bir illik dövrün tarixdəki ən isti mərhələ olduğunu rəsmən təsdiqləyib. 2025-ci ildə qlobal temperatur artımının sənayeləşmədən əvvəlki orta göstəricidən təxminən 1,43 dərəcə yuxarı qalxdığı qeyd olunub ki, bu rəqəmlər ÜMT-nin əvvəlki proqnozlarını bir daha sübut edib.

Sənəddə mühüm bölgələrdəki buzlaq kütləsi itkisinin tarixdəki ən pis beş göstərici arasında yer aldığı, xüsusilə İslandiya və Şimali Amerikadakı buzlaqlarda qeyri-adi ərimələrin yaşandığı vurğulanıb. BMT-nin Baş katibi Antonio Quterreş mövzu ilə bağlı verdiyi açıqlamada qlobal iqlim vəziyyətinin artıq fövqəladə vəziyyət təşkil etdiyini deyib.

Quterreş planetin dözüm sərhədlərinin son həddə qədər zorlandığını və hər bir mühüm iqlim göstəricisinin "qırmızı həyəcan" siqnalı verdiyini diqqətə çatdırıb. ÜMT-nin hesabatı 2024-cü ilin sənayeləşmədən əvvəlki orta temperaturu təxminən 1,55 dərəcə üstələyərək qeydə alınan ən isti il olduğunu təsdiqləyib.

2015-ci il Paris Sazişi çərçivəsində hökumətlər qlobal istiləşmənin 1,5 dərəcəlik kritik həddi aşmasının qarşısını almağa söz versələr də, son məlumatlar iqlim dəyişikliyi ilə mübarizədə hədəflərdən uzaq qalındığını ortaya qoyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu