Avropada quraqlıq siqnalı: Tarixin ən isti ikinci may ayı


Avropada yaz aylarının qeyri-adi dərəcədə quraq keçməsi su böhranı və kənd təsərrüfatı itkiləri narahatlığını artırarkən, 2025-ci ilin may ayının qlobal miqyasda tarixin ən isti ikinci may ayı olduğu açıqlanıb.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) tabeçiliyində fəaliyyət göstərən Copernicus İqlim Dəyişikliyi Xidməti (C3S) 2025-ci ilin may ayında dünya üzrə orta səth temperaturunun 15,79°C olduğunu, bu göstəricinin 1991-2020-ci illərin orta temperaturundan 0,53°C yüksək olduğunu elan edib. Bu rəqəm isə sənaye dövrü hesab olunan 1850-1900 illərin ortalamasından 1,4°C yüksəkdir.

Mütəxəssislərin fikrincə bu temperatur artımı 2015-ci il Paris İqlim Razılaşmasında müəyyən edilmiş 1,5°C həddini qısa müddətə olsa da aşmayıb, amma qlobal istiləşmənin davam etdiyini açıq şəkildə göstərir. Son 10 ilin hamısı qeydlərdə ən isti 10 il arasında yer alıb.

C3S direktoru Karlo Buontempo “2025-ci ilin may ayı, son 22 ayın 21-də müşahidə olunan 1,5°C-dən yüksək temperatur trendini qısa müddətə dayandırdı. Ancaq iqlim sistemindəki istiləşmə davam etdiyi üçün bu həddi yaxın vaxtlarda yenidən aşacağı gözlənilir” deyib.

Avropa üzrə xüsusilə şimal-qərb bölgələrində yaz ayları qeyri-adi dərəcədə quraq keçib. İngiltərə də daxil olmaqla bir çox ölkədə quraqlıq öz təsirini göstərib, bəzi bölgələrdə fermerlər məhsul itkiləri barədə məlumat veriblər.

Copernicus məlumatlarına görə, 2025-ci ilin may ayında Türkiyə, Ukrayna, Rusiyanın cənubu, Şimali və Orta Avropada yağıntılar orta səviyyədən xeyli aşağı olub. Bəzi bölgələrdə 1979-cu ildən bəri ən aşağı torpaq rütubəti və yağıntı səviyyələri qeydə alınıb.

Qlobal miqyasda isə Şimali Amerika, Afrika Boynu, Cənubi Afrika, Cənubi Amerika, Orta Asiya və Cənubi Avstraliyada da oxşar quraqlıq hökm sürüb.

May ayı ərzində Şimali-Şərqi Atlantikdə dəniz səthi temperaturunun da indiyədək qeydə alınan ən yüksək səviyyələrə çatdığı bildirilib. Mütəxəssislər okeanların bu cür isinməsinin qlobal hava balansına və dəniz ekosistemlərinə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu