Qarşıdakı 5 ildə temperatur rekord səviyyələrdə qalacaq


Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal iqlim proqnozlarına əsasən, qarşıdakı 5 il ərzində temperaturun rekord səviyyələrdə və ya bu səviyyələrə yaxın olmasının gözlənildiyini açıqlayıb.

WMO və İngiltərə Meteorologiya İdarəsi (Met Office) gələn 5 ildəki temperatur proqnozları ilə bağlı birgə hesabat dərc edib.

Hesabatda “Qlobal iqlim proqnozları göstərir ki, gələn 5 ildə temperatur rekord səviyyələrdə və ya ona yaxın qalacaq. Bu isə iqlim risklərini, eləcə də bunun cəmiyyətlər, iqtisadiyyatlar və davamlı inkişaf üzərindəki təsirlərini artırır. 2025-2029-cu illər arasında hər il üçün illik orta səviyyədə qlobal səth temperaturunun 1850-1900-cu illər (sənaye öncəsi dövr) ortalamasından 1.2-dən 1.9 dərəcə yuxarı olacağı proqnozlaşdırılır” deyə qeyd edilib.

Gələn 5 ildə ən azı bir ilin sənaye öncəsi səviyyədən 1.5 dərəcə yüksək olma ehtimalının 86% olduğu vurğulanıb. 2025-2029-cu illər üçün 5 illik orta temperaturun 1.5 dərəcədən çox olması ehtimalı isə 70% olaraq qiymətləndirilib.

Hesabatda “İstiləşmənin hər əlavə dərəcəsi daha zərərli isti hava dalğalarına, güclü yağış hadisələrinə, şiddətli quraqlıqlara, buz təbəqələrinin, dəniz buzunun və buzulların əriməsinə, okeanın isinməsinə və dəniz səviyyələrinin qalxmasına səbəb olur” vurğulanıb.

Paris Sazişinin qlobal temperatur artımını 1.5 dərəcə ilə məhdudlaşdırmaq məqsədinin xatırlandığı hesabatda, əgər qlobal temperatur artımı bu səviyyələrdə davam edərsə, bu hədəfin müvəqqəti olaraq aşılmasının daha tez-tez baş verəcəyi qeyd edilib.

Hesabatda fikirlərinə yer verilən WMO-nun Baş katib müavini Ko Barrett “Ən isti 10 ili artıq yaşamışıq. Təəssüf ki, bu WMO hesabatı yaxın illərdə hər hansı bir rahatlama olmayacağını göstərir. Bu da iqtisadiyyatlarımıza, gündəlik həyatımıza, ekosistemlərimizə və planetimizə getdikcə artan mənfi təsirlərin olacağı deməkdir”

Barrett davamlı iqlim müşahidəsi və proqnozunun qərar qəbul edənlərə elmi əsaslı alətlər və temperatur dəyişikliklərinə uyğunlaşmaq üçün məlumat vermək baxımından çox vacib olduğunu qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu