ÜMT: 2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2026-cı ilin müşahidələr tarixində ən isti dörd ildən biri olacağını açıqlayıb.
AFN.az xəbər verir ki, təşkilatın hesabatında qlobal temperaturun yüksəlməsi, buzlaqların əriməsi və dəniz səviyyəsinin artması ilə müşayiət olunan uzunmüddətli tendensiyanın bu il də davam etdiyi bildirilib.
ÜMT noyabrın 9-20-də Türkiyənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində 2026-cı ilin qlobal iqlim vəziyyətinə dair yenilənmiş hesabatını təqdim edib.
Hesabatda qeyri-adi yüksək qlobal temperaturun, buzlaqların əriməsinin və dəniz səviyyəsinin yüksəlməsinin davam etdiyi vurğulanıb. Son 12 ilin müşahidələr tarixində ən isti illər olduğu, 2026-cı ilin isə ən isti dörd ildən biri olacağı qeyd edilib.
Sənəddə bildirilir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal orta səth temperaturu sənayeləşmədən əvvəlki dövrün orta göstəricisindən təxminən 1,47 dərəcə yüksək olub. Avqustdan etibarən güclənən və dekabr ayına qədər müşahidələr tarixində qeydə alınmış ən güclü El-Nino hadisəsi olacağı gözlənilən bu prosesin təsiri ilə temperatur göstəricisinin ilin sonuna qədər daha da artacağı proqnozlaşdırılır.
Hesabatda Yer kürəsinin enerji balanssızlığının artdığı və planet sisteminin getdikcə daha sürətlə istilik topladığı bildirilib. İstixana qazlarının görünməmiş miqdarda istiliyi atmosferdə saxlaması, Günəşdən gələn enerji ilə kosmosa geri yayılan enerji arasındakı tarazlığı pozması nəticəsində bu balanssızlıq müşahidələrin başladığı vaxtdan bəri ən yüksək səviyyəyə çatıb. Artıq istiliyin 90 faizi okeanlar tərəfindən udulur. 2026-cı il okean temperaturunun ardıcıl 10-cu dəfə rekord qıracağı il olmağa doğru gedir.
Hesabatda dəniz səviyyəsinin müşahidələr tarixində ən yüksək həddə çatdığı, səth temperaturunun isə 2026-cı il ərzində aylıq göstəricilər üzrə rekordlar qırdığı vurğulanıb.
Buzlaqların uzunmüddətli geri çəkilməsinin davam etdiyi bildirilən hesabatda qeyd olunub ki, 2025-ci ildə buz kütləsinin illik itkisi ilin hər saniyəsində beş olimpiya ölçülü üzgüçülük hovuzunu dolduracaq həcmdə olub.
Sənəddə ekstremal hava hadisələrinin insanların həyatına və dolanışıq imkanlarına təsir etdiyi, ərzaq təhlükəsizliyini zəiflətdiyi, yoxsulluğu dərinləşdirdiyi və bir çox bölgədə insanların yaşayış yerlərini tərk etməsinə səbəb olduğu bildirilib. Avropada istilik dalğaları, quraqlıq və meşə yanğınlarının ilkin hesablamalara görə 30 mindən çox insanın ölümünə səbəb olduğu qeyd edilib. Avropanın ən azı səkkiz ölkəsində milli temperatur rekordları qeydə alınıb, bu hadisələr kənd təsərrüfatına, energetikaya və nəqliyyata ciddi təsir göstərib.
Çox təhlükəli iqlim hadisələrinə qarşı erkən xəbərdarlıq sistemlərinə malik olduğunu bildirən ölkələrin sayının 2015-ci ildəki 56-dan 2025-ci ildə 136-ya yüksəlməsi hesabatda müsbət irəliləyiş kimi qiymətləndirilib.
Sentyabr 2026-cı ilədək olan məlumatları əhatə edən hesabatın El-Nino hadisəsinin ən son təsirlərini hələ əks etdirmədiyi də vurğulanıb.
BMT-nin Baş katibi Antonio Quterreş hesabatda yer alan açıqlamasında iqlim ekstremallıqlarının hökm sürdüyü yeni dövrün başladığına diqqət çəkib.
Quterreş bildirib ki, çox güclü El-Nino hadisəsi insan fəaliyyəti nəticəsində onsuz da həddindən artıq isinmiş planetlə qarşılaşır. Onun sözlərinə görə, iqlim rekordları bir-birinin ardınca yenilənir, bunun humanitar bədəli isə getdikcə artır. Bu vəziyyətə ən az töhfə verən insanlar və ölkələr nəticələrdən ilk və ən ağır şəkildə zərər çəkirlər. Baş katib liderləri emissiyaları daha sürətlə azaltmağa, fosil yanacaqlardan ədalətli keçidi sürətləndirməyə, eləcə də həssas ölkələrin ehtiyac duyduğu maliyyə və müdafiə dəstəyini təmin etməyə çağırıb.
ÜMT-nin Baş katibi Seleste Saulo da El-Nino hadisəsinin və 2026-cı ilin qlobal iqlim vəziyyətinin gözlənilən hədləri xeyli aşan mənzərəyə yeni məna qazandırdığını vurğulayıb.
Saulonun sözlərinə görə, El-Nino planetə yeni istilik əlavə etmir, əksinə, temperaturu artıq ölçülmüş ən yüksək səviyyələrə çatmış okeanlarda toplanan istiliyi üzə çıxarır. O, hələ üzə çıxmağı gözləyən daha böyük istilik ehtiyatının olduğunu bildirib.
WMO rəhbəri istilik dalğalarının, tropik siklonların və güclü yağıntıların tarixi məlumatların proqnozlaşdırdığından daha sürətlə intensivləşdiyini qeyd edib.
Saulo bu il yüz milyonlarla insanın dözülməz dərəcədə yüksək temperaturun təsirinə məruz qaldığını bildirib. O, Nepalda baş verən fəlakətli buz və qaya uçqunlarının, eləcə də qəfil daşqınların isinən yüksək dağlıq ərazilərdə yaşayan həssas icmaların üzləşdiyi çoxşaxəli riskləri üzə çıxardığı barədə xəbərdarlıq edib.

