Dünya rekord isti ilə üz-üzə: Avqust tarixin ən isti ayı oldu



2026-cı ilin avqustunda qlobal orta səth temperaturu 16,96 dərəcəyə çataraq müşahidələr tarixində ən isti ay kimi qeydə alınıb.

AFN.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2026-cı ilin avqust ayı üzrə qlobal temperatur göstəricilərini açıqlayıb.

Məlumata görə, avqust ayında dünyada orta səth hava temperaturu 16,96 dərəcə təşkil edib. Bu göstərici 1991-2020-ci illər üzrə avqust ayının orta temperaturundan 0,85 dərəcə yüksəkdir.

2026-cı ilin avqustunda qeydə alınan temperatur 16,95 dərəcə ilə əvvəlki rekordun sahibi olan 2023-cü ilin iyul göstəricisini də geridə qoyub. Bununla da avqust ayı müşahidələr tarixində ən isti ay olub.

Ötən ay qlobal temperatur 1850-1900-cü illəri əhatə edən sənayeöncəsi dövrün orta göstəricisindən 1,65 dərəcə yüksək olub. Beləliklə, 2025-ci ilin noyabrından sonra ilk dəfə avqust ayında aylıq temperatur artımı 1,5 dərəcə həddini keçib.

İyun-avqust aylarını əhatə edən yay mövsümündə də qlobal orta temperatur 1991-2020-ci illərin göstəricisindən 0,69 dərəcə yüksək olub. 2026-cı ilin yayı 2024-cü illə birlikdə müşahidələr tarixində ən isti yay kimi qeydə alınıb.

Avropada avqust ayının orta temperaturu 20,26 dərəcə ölçülüb. Bu göstərici 1991-2020-ci illər üzrə orta temperaturdan 1,10 dərəcə yüksək olub və 2026-cı ilin avqustu qitədə qeydə alınan ən isti dördüncü avqust olub.

Avropada yay mövsümünün orta temperaturu normadan 1,17 dərəcə yüksək ölçülüb. Nəticədə 2026-cı ilin yayı 2024 və 2022-ci illərdən sonra Avropada tarixdə qeydə alınan ən isti üçüncü yay olub.

Qərbi Avropa isə 2003-cü ildəki rekord göstəricini geridə qoyaraq müşahidələr tarixinin ən isti yayını keçirib.

Qütb bölgələri istisna olmaqla, okeanların orta dəniz səthi temperaturu da avqust ayında 21,07 dərəcəyə yüksəlib. Bu, avqust ayı üçün indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Sakit okeanda sürətlə güclənən El Nino şəraiti də yüksək temperatur göstəricilərinə təsir edən amillərdən biri olub.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) iqlim strategiyası üzrə rəhbəri Samanta Burcess avqustun qlobal iqlim müşahidələri baxımından qeyri-adi ay olduğunu bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin avqustu həm indiyədək qeydə alınan ən isti avqust, həm də tarixin ən isti ayı olub. Burcess qlobal temperaturun sənaye inqilabından əvvəlki səviyyədən 1,65 dərəcə yuxarı qalxdığını vurğulayıb.

O, qlobal dəniz səthinin rekord temperaturu ilə Qərbi Avropada qeydə alınan ən isti yayın birlikdə qiymətləndirilməsinin iqlim dəyişikliyinin atmosfer və okeanlarda ekstremal hava hadisələrinə təsirini göstərdiyini qeyd edib.

Burcessin fikrincə, bu şəraitin yaratdığı fəsadlar dünyanın müxtəlif yerlərində icmalar, iqtisadiyyatlar və ekosistemlər tərəfindən getdikcə daha çox hiss olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu