ABŞ kəşfiyyat qurumlarına kiberhücumlar dünyadakı oxşar insidentləri gündəmə gətirib
ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorluğunun (MKD) kibertəhlükəsizlik pozuntusu ilə üzləşdiyinə dair xəbərlər müxtəlif ölkələrdə kəşfiyyat, müdafiə və diplomatiya qurumlarını hədəf alan kiberhücumları yenidən gündəmə gətirib.
AFN.az xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, MKİ və MKD açıq və məxfi olmayan mənbələrdən kəşfiyyat təhlili aparmağa imkan verən sistemlərinə qarşı kibertəhlükəsizlik pozuntusu aşkarlayıblar.
Hücum zamanı hansı məlumatların ələ keçirildiyi hələ müəyyənləşdirilməyib. Digər federal qurumlara aid bəzi məlumatların da üzə çıxmış ola biləcəyi ehtimal edilir.
Hadisə son dövrlərdə müxtəlif ölkələrin dövlət qurumlarının informasiya sistemlərini hədəf alan kiberhücumların və məlumat sızmalarının ardıcıl şəkildə gündəmə gəlməsi fonunda diqqət çəkib.
ABŞ-da Federal Təhqiqat Bürosu (FTB) telefon əlaqələrinə dair müşahidə məlumatlarının saxlandığı sistemdə şübhəli fəaliyyət aşkarlandıqdan sonra araşdırmaya başlayıb. Pentaqonun şəxsi heyətə dair qeydləri saxladığı sistemdəki təhlükəsizlik boşluğu isə təxminən 3 milyon insanın məlumatlarını riskə atıb.
Associated Press agentliyinin 2026-cı il martın 5-də yaydığı xəbərə görə, FTB fevralın 17-də qurumun kompüter şəbəkəsindəki sistemlərdən birində qeyri-adi fəaliyyət müəyyən edib.
Həmin sistemdə məhkəmə qərarları əsasında aparılan araşdırmaların qeydləri, telefon əlaqələrinə dair müşahidə məlumatları və istintaqın hədəfində olan şəxslərin şəxsiyyət məlumatları saxlanılırdı.
ABC News-un sentyabrın 29-da yaydığı məlumata görə isə Pentaqonun Müdafiə İşçi Qüvvələri Məlumat Mərkəzi (DMDC) sisteminə 2025-ci ilin oktyabrından 2026-cı il iyulun 16-dək icazəsiz giriş əldə edilib.
Məlumat sızması sağ olan təxminən 2,76 milyon və vəfat etmiş 294 min şəxsin adları, doğum tarixləri, əlaqə məlumatları və Sosial Təminat nömrələri kimi məlumatlarına təsir edib. Müdafiə Nazirliyi təhlükəsizlik boşluğunun aradan qaldırıldığını və zərər çəkmiş şəxslərin məlumatlandırıldığını açıqlayıb.
FTB əməkdaşlarının şəxsi məlumatları da kiberhücumların hədəfinə çevrilib. The New York Times qəzetinin sentyabrın 29-da yaydığı məlumata görə, ShinyHunters adlı kibercinayətkar qrup FTB-nin işə qəbul portalına daxil olaraq qurumun hazırkı və keçmiş əməkdaşları, eləcə də işə müraciət etmiş on minlərlə şəxsin həssas fərdi məlumatlarını ələ keçirdiyini bildirib.
Qrup ələ keçirdiyi məlumatlar arasında əməkdaşların ev ünvanlarının, Sosial Təminat nömrələrinin, telefon nömrələrinin və vəzifə təsvirlərinin olduğunu iddia edib.
Xəbərdə qeyd olunub ki, FTB rəhbərliyinin əməkdaşlara göndərdiyi daxili məlumatlandırmada araşdırmanın bütün personalın məlumatlarının ələ keçirilmiş ola biləcəyi ehtimalı nəzərə alınmaqla aparıldığı bildirilib.
Hücum edənlərin əməkdaşların psixiatrik qeydləri, qan və sidik analizlərinə dair sənədlər kimi tibbi məlumatları, eləcə də təhlükəsizlik yoxlaması dosyelərini ələ keçirdiklərini iddia etdikləri də qeyd olunub.
ShinyHunters qrupunun bu hücumu FTB-nin 2026-cı ilin mayında qrupun kiberhücum və məlumatlar vasitəsilə şantaj fəaliyyəti barədə yaydığı ictimai xəbərdarlığa cavab olaraq həyata keçirdiyi bildirilib.
ABŞ-dan başqa ölkələrdə də kəşfiyyat qurumlarının rəqəmsal infrastrukturları kiberhücumların hədəfinə çevrilib.
Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyinin (CERT-EU) iyun ayında dərc etdiyi hesabata görə, Belçikanın mülki kəşfiyyat qurumu olan Dövlət Təhlükəsizliyi Xidmətinin (VSSE) istifadə etdiyi mobil cihazların idarəetmə sisteminə qarşı kiberhücum zamanı qurum əməkdaşlarının məlumatları hədəf alınıb.
2025-ci ilin mayından 2026-cı ilin yaz aylarınadək baş verdiyi bildirilən hücum zamanı Ivanti mobil cihaz idarəetmə proqram təminatındakı təhlükəsizlik boşluqlarından istifadə edilərək əməkdaşların adları, telefon nömrələri və elektron poçt ünvanları kimi məlumatlara çıxış əldə edildiyi bildirilib.
Hesabatda hücum edənlərin qurumun məxfi və təsnif edilmiş məlumatların saxlandığı daxili sistemlərinə daxil olduğuna dair hər hansı sübutun aşkarlanmadığı qeyd edilib.
Eyni hesabatda yer alan məlumatlara görə, Çinlə əlaqəli olduğu ehtimal edilən Mustang Panda adlı kiber casusluq qrupu Yunanıstanın NATO yanında Daimi Nümayəndəliyini hədəf alan fişinq cəhdi həyata keçirib.
Hesabatda NATO nümayəndəliyinin əməkdaşlarının elektron poçt vasitəsilə hədəfə alındığı bildirilsə də, hücumun uğurlu olub-olmadığı və ya sistemlərə icazəsiz giriş əldə edilib-edilmədiyi barədə təsdiqlənmiş məlumat verilməyib.
Fransa da Rusiya Federal Təhlükəsizlik Xidmətini (FTX) kiber casusluq fəaliyyəti ilə bağlı rəsmi şəkildə ittiham edib.
Fransa Xarici İşlər Nazirliyinin 2026-cı il iyulun 13-də yaydığı açıqlamada FTX-nin 16-cı Mərkəzinə bağlı bölmənin Turla adlı kiber casusluq strukturu vasitəsilə Fransanın strateji qurumlarını hədəf aldığı bildirilib.
Fransanın Kib böhranlarının Koordinasiya Mərkəzinin (C4) araşdırmalarına əsaslanan açıqlamada Fransa Silahlı Qüvvələr Nazirliyinin elektron poçt hesablarının 2017-ci ildən, Fransanın Moskvadakı səfirliyində Xarici İşlər Nazirliyinə aid şəbəkənin isə 2018-ci ildən etibarən hədəfə alındığı qeyd edilib.
Açıqlamada, həmçinin 2019-cu ildə hüquq-mühafizə və məhkəmə sektoruna aid serverlərdən birinə icazəsiz giriş əldə edildiyi, 2025-ci ilin fevralında isə Fransa müdafiə sənayesi üçün çalışan, həssas texnologiyalar sahəsində fəaliyyət göstərən tədqiqat institutunun hədəfə alınaraq əhəmiyyətli həcmdə məlumatın ələ keçirildiyi bildirilib.
Fransa rəsmiləri bu fəaliyyətləri Rusiyaya aid edərək Turla qrupunun Ukrayna, NATO ölkələri və Avropa İttifaqına üzv dövlətlərə qarşı kiber casusluq fəaliyyətlərini davam etdirdiyini qeyd ediblər.
